Azedu.az

Dövlət qulluğu vəzifələri üzrə müsahibələrin tarixi AÇIQLANIB

Dövlət İmtahan Mərkəzi (DİM)

2 Sentyabr 2025, 17:44
Dövlət qulluğu vəzifələri üzrə müsahibələrin tarixi AÇIQLANIB

Elan üzrə 157 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 790 vəzifə (A növündə 86 vakant, B növündə 704 vakant) müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 3015 namizədlə 6016 müsahibənin keçirilməsi planlaşdırılır.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, ən yüksək müsahibə sayı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Təhsilin keyfiyyətinə nəzarət sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 321 namizəd), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Ümumi təhsilin təşkili sektoru böyük məsləhətçi (1 vakant yer üzrə 264 namizəd) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru, (1 vakant yer üzrə 243 namizəd) vəzifələri üzrə qeydə alınmışdır.

Müsahibələrin 15 sentyabr 2025-ci il - 9 fevral 2026-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Namizəd 48 saat ərzində (2 sentyabr 2025-ci ildən - 4 sentyabr 2025-ci il saat 16:00-dək) müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməlidir. Müsahibədə iştirak etməyəcəyi halda müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında 'İMTİNA' düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaqdır.

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur. Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələrdə iştirak edən namizədlər yaddaş kitabçası ilə buradan tanış ola bilərlər.

Qeyd: Təyin edilmiş müsahibə günü etibarlı sertifikatı olmayan namizədlərin müsahibələri ləğv edilmişdir. Müsahibənin keçirilməsi üçün namizəd müsahibə gününə qədər müvafiq sertifikat əldə edərək DİM-ə müraciət etməlidir.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox