Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilib. Bununla əlaqədar, Mərkəz tərəfindən 2025-ci ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən, bütün regionlarda dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi davam etdiriləcək.
AzEdu.az xəbər verir ki, 5-8 avqust 2025-ci il tarixlərində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında qulluq keçən dövlət qulluqçuları üçün “Dövlət qulluğunda inzibati vəzifələrin tutulması qaydası” və “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzularında təlimlər keçirilib.
Təlimlər zamanı iştirakçılarla müzakirə aparılıb və onların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.