İxtisas seçimində iştirak edəcək abituriyentlər üçün hazırda ən vacib mərhələlərdən biri də düzgün qərar vermək və seçimlərini dəqiq müəyyənləşdirməkdir. Bu baxımdan, namizədlər ixtisas seçimi zamanı istifadə edilən əsas mənbələrdən biri olan “Abituriyent” jurnalının 4-cü nömrəsini səbirsizliklə gözləyirlər.
Hazırda abituriyentlər və onların valideynləri tərəfindən Dövlət İmtahan Mərkəzinə, eləcə də təhsil platformalarına jurnalın nə zaman dərc olunacağı ilə bağlı kütləvi şəkildə suallar ünvanlanır.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları həftə sonunadək nəşr olunacaq.
Qeyd edək ki, jurnalın bu nömrəsində 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək məqsədilə ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar əks olunacaq.