Azedu.az

“Ali təhsil müəssisələrinin sərgisi”nin açılışı olub

Dövlət İmtahan Mərkəzi (DİM)

30 İyul 2025, 09:57
“Ali təhsil müəssisələrinin sərgisi”nin açılışı olub

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda “Ali təhsil müəssisələrinin sərgisi”nin açılışı olub.

AzEdu.az xəbər verir ki, DİM-in Aparat rəhbəri Vəfadar Misirov iştirakçıları ali təhsil müəssisələrinə qəbul kampaniyası və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında duran ən vacib məsələ - ixtisas seçimi haqqında məlumat verib.

V.Misirov ixtisas seçimi ərəfəsində abituriyentlərlə ali təhsil müəssisələri nümayəndələrinin birbaşa görüş fürsətinin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, sərgidə ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların - DİM, Tələbə Təhsil Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az onlayn sınaq imtahanı portalının stendləri yer alıb.

Üç gün davam edəcək sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir. Burada həmçinin iştirakçılara DİM-in mütəxəssisləri tərəfindən hazırlanmış "Peşə seçimi" testlərindən ödənişsiz yararlanmaq imkanı verilir.

Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanına malikdir.

Sərgidə abituriyentlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər. İştirakçılar qeydiyyat zamanı onlara uyğun tarix və saatı seçə bilərlər. Bundan əlavə, bəzi ali təhsil müəssisələri ayrıca olaraq əvvəlcədən təyin olunmuş zallarda və saatda daha geniş formada təqdimat nümayiş etdirmək imkanına malikdirlər. Sərgiyə giriş ödənişsizdir.

Daha sonra iştirakçıların və media nümayəndələrinin sualları cavablandırılıb və sərgiyə baxış keçirilib.

Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox