Dövlət İmtahan Mərkəzi ilə SIGMA proqramı çərçivəsində dövlət qulluğu sisteminin inkişafı, dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq məqsədilə həyata keçirilən layihə və seminarlar davam etdirilir.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
7 – 8 iyul 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi və Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamentinin əməkdaşları üçün Avropa İttifaqı (Aİ) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşəbbüsü ilə yaradılan Rəhbərlik və İdarəetmədə Təkmilləşməyə Dəstək (SIGMA) proqramı çərçivəsində "Texniki səriştələrin inkişafı və qiymətləndirilməsi" mövzusunda növbəti seminar təşkil olunub.
Seminarın əsas məqsədi texniki səriştələrin müəyyənləşdirilməsi və qiymətləndirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə Belçika nümunəsində işə qəbul prosesinin bütün mərhələlərinin təhlili və əldə olunan bilik və bacarıqların tətbiqi imkanlarının müzakirəsi olub.
Seminarın birinci günü işə qəbul prosesinin ilk mərhələlərindən uğurlu namizədlərin seçilməsinə qədərki dövrü əhatə edib. SIGMA ekspertləri Linda Ait Ameur və Blanca Lazaro tərəfindən iştirakçılara qiymətləndirmə metodologiyaları, texniki bacarıqlar üzrə qiymətləndirmə alətləri, test nümunələri və praktik tapşırıqlar təqdim edilib, eyni zamanda texniki səriştələrin formalaşdırılmasına dair müzakirə aparılıb.
Seminarın növbəti günü praktik sessiyalara həsr olunub. Sessiyalar çərçivəsində qapalı və açıq tipli tapşırıqlar, o cümlədən situasiya üzrə tapşırıqların hazırlanması məqsədilə qrup işi həyata keçirilib. Həmçinin DİM-in əməkdaşlarının funksional səriştələrin qiymətləndirilməsi ilə bağlı təqdimatları dinlənilib və SIGMA ekspertlərinin rəy və tövsiyələri müzakirə olunub.
Tədbirin sonunda texniki səriştələrin tam şəkildə müəyyənləşdirilməsi və bu istiqamətdə DİM-in institusional imkanlarının gücləndirilməsi üçün növbəti addımlar üzrə razılıq əldə olunub.