Beynəlxalq akkreditasiyalı təhsil proqramları üzrə təhsil almış abituriyentlər Azərbaycan ali məktəblərinə imtahansız qəbul imkanı əldə edə bilərlər. Bu hüquq yalnız müəyyən şərtləri, o cümlədən Azərbaycan dili üzrə "məqbul" qiyməti ödəyənlərə şamil olunur. Müsabiqədənkənar qəbul IB, A-Level və AP proqramlarını əhatə edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata görə, bu imkan aşağıdakı proqramlar üzrə təhsil alanlara şamil olunur:
- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme)
- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education)
- Yüksək yerləşdirmə (Advanced Placement – AP)
Müsabiqədənkənar qəbul üçün əsas şərtlərdən biri həmin abituriyentin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na uyğun olaraq Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan verərək “məqbul” qiymət almasıdır.
DİM qeyd edir ki, qeyd olunan proqramlar üzrə təhsil almış şəxslər müəyyən olunmuş müddətdə aşağıdakı sənədləri Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrinə təqdim etməlidirlər:
- Abituriyentin təsdiqlənmiş elektron ərizəsinin surəti
- Təhsil sənədinin əsli və surəti, həmçinin notarial qaydada Azərbaycan dilinə tərcüməsi
Abituriyentlər beynəlxalq diplom üzrə nəticələrini (qiymətlərini) elektron formada da DİM-ə təqdim edirlər. Bunun üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı və ya bitirdiyi məktəbin nümayəndəsinin hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu daxil etməklə nəticələrinin DİM-ə göndərilməsini təmin edirlər.
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq üçün sənədlərini təqdim edən abituriyent DİM tərəfindən elan olunacaq müddətdə şəxsən DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədiyi ixtisasın kodunu yazılı şəkildə bildirməlidir. Abituriyentlər yalnız yuxarıda qeyd olunan təhsil proqramları üzrə təhsil aldıqları dildə tədris olunan ixtisasları seçə bilərlər
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul üçün minimal bal (və ya qiymət) tələbləri təhsil proqramları üzrə aşağıda təqdim olunmuşdur:
Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);
Ödənişli əsaslarla qəbul üçün - 25 (“Hüquqşünaslıq” və “Tibb” ixtisasları üzrə - 30)
Dövlət sifarişi əsasında qəbul üçün - 35
Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə) (Advanced Level of General Certificate of Education);
Ödənişli əsaslarla qəbul üçün - C
Dövlət sifarişi əsasında qəbul üçün - B
Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə) (Advanced Placement).
Ödənişli əsaslarla qəbul üçün - 3
Dövlət sifarişi əsasında qəbul üçün - 4
Qeyd: “Müvafiq üç imtahan fənni” dedikdə I ixtisas qrupunun RK altqrupu üzrə riyaziyyat, fizika və kimya fənləri, I ixtisas qrupunun Rİ altqrupu üzrə riyaziyyat, fizika və informatika fənləri, II ixtisas qrupu üzrə riyaziyyat, coğrafiya və tarix fənləri, III ixtisas qrupunun DT altqrupu üzrə Azərbaycan dili və ya rus dili, tarix və ədəbiyyat fənləri, III ixtisas qrupunun TC altqrupu üzrə Azərbaycan dili və ya rus dili, tarix və coğrafiya fənləri, IV ixtisas qrupu üzrə isə biologiya, kimya və fizika fənləri nəzərdə tutulur.