2025-ci il iyun ayının 30-da Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçiriləcək. Həmin gün beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə də imtahan təşkil olunacaq.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
İmtahanlarda iştirak etmək üçün ümumilikdə 1573 nəfər qeydiyyatdan keçib.
İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 105 nəzarətçi və 12 buraxılış rejimi əməkdaşı ayrılıb.
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), DİM-in Gəncə və Bərdə Regional bölmələrində, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin imtahanı isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçiriləcək. İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahanlar 1 saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.
“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.