İyunun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Həmin gün beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə də imtahan təşkil olunacaq.
DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan vermək üçün ümumilikdə 1573 nəfər qeydiyyatdan keçib.
İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 105 nəzarətçi və 12 buraxılış rejimi əməkdaşı ayrılıb.
Xüsusi hazırlıq keçmiş taksi i sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50), DİM-in Gəncə və Bərdə regional bölmələrində, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin imtahanı isə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək. İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər imtahana buraxılış vərəqəsini “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar imtahana buraxılış vərəqəsii"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Bir saat davam edəcək imtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcək.