Abituriyentlərin ixtisas seçimi dövründə diqqətli olması vacibdir. Dövlət İmtahan Mərkəzi bəzi ixtisaslara qəbul şərtlərinin digərlərindən fərqli olduğunu açıqlayıb. Bu fərqliliklər imtahan balları ilə yanaşı əlavə müsahibə və spesifik bal tələblərini də əhatə edir.
AzEdu.az-ın DİM-dən əldə etdiyi məlumata əsasən, aşağıda qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər üçün xüsusi qaydalar tətbiq olunur.
Azərbaycan İlahiyyat İnstitutu
“Dinşünaslıq” ixtisası: III ixtisas qrupu üzrə ümumi balı 150-dən, ikinci mərhələ üzrə isə 50-dən az olmayan abituriyentlər bu ixtisasın müsabiqəsində iştirak edə bilər.
“İslamşünaslıq” ixtisası: Eyni bal şərtləri ilə yanaşı, abituriyentlər institut tərəfindən yaradılmış dini-psixoloji komissiyanın keçirdiyi müsahibədən müvəffəqiyyətlə keçməlidirlər.
Azərbaycan Dövlət Aqrar Universiteti
“Meliorasiya mühəndisliyi” ixtisası: I ixtisas qrupu üzrə ümumi balı 150-dən, ikinci mərhələ üzrə isə 50-dən az olmayan abituriyentlər qəbul imkanı qazanır.
Türkiyə-Azərbaycan Universiteti
“Kompüter mühəndisliyi” ixtisası: Müsabiqəyə yalnız ümumi balı 550-dən az olmayanlar buraxılır.
“Sənaye mühəndisliyi” ixtisası: Minimum 500 bal tələbi var.
“Qida mühəndisliyi” ixtisası: İştirak üçün tələb olunan minimum ümumi bal 450-dir.