Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra abituriyentlərin qarşısında duran əsas mərhələlərdən biri də ixtisas seçimidir.
II və III ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmaq üçün müəyyən bal tələbləri və xüsusi şərtlər mövcuddur.
Bu tələblər həm dövlət sifarişi, həm də ödənişli əsaslarla ayrılmış yerlər üzrə fərqlilik göstərə bilər.
Eyni zamanda bəzi ixtisaslar üzrə əlavə fənn tələbləri və minimal bal hədləri tətbiq olunur.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, aşağıda qeyd olunan məlumatlar, 2025-ci il qəbul kampaniyasında II və III ixtisas qrupları üzrə ixtisas seçiminə kimlərin buraxıldığını və hansı şərtlərlə iştirak edə biləcəyini ətraflı şəkildə izah edir.
II ixtisas qrupu üzrə
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
-Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
-Marketinq;
-Biznesin idarə edilməsi;
-Turizm bələdçiliyi;
-Turizm işinin təşkili
III ixtisas qrupu üzrə
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyatı üzrə)”, “Xarici dil müəllimliyi (dillər üzrə)” və “Beynəlxalq münasibətlər” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
-Muzey, arxiv işi və abidələrin qorunması;
-Sosial iş;
-Regionşünaslıq (regionlar üzrə).
Qeyd edək ki, II və III ixtisas qrupları üzrə II cəhd imtahanı 6 iyul tarixində keçiriləcək.