Ötən ilki müsabiqə (müsabiqədənkənar qəbul nəzərə alınmadan) ilə müqayisədə bu il dövlət ali təhsil müəssisələrinin qəbul planı 6.68% və ya 3078 yer, özəl ali təhsil müəssisələrinin qəbul planı isə 0.52% və ya 48 yer artırılıb. Ümumilikdə isə qəbul planında 5.65% artım qeydə alınıb ki, bu da 3126 yerə bərabərdir. Müsabiqədənkənar qəbul üzrə 147 yer artımı da nəzərə alındıqda, ötən illə müqayisədə ümumi qəbul planında 5.85% və ya 3273 yer artım müşahidə olunur.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.
Belə ki, plan yerlərinin dövlət sifarişi və ödənişli əsaslarla təhsil üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2024-cü ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 22.45% artmışdır. Qeyd etmək lazımdır ki, cari ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ümumi plan yerlərinin cəmi 23.14%-ni təşkil edir. Bu göstərici 2023-cü ildə 20.01%, 2022-ci ildə 19.71%, 2021-ci ildə 20.56%, 2020-ci ildə 23.27%, 2019-cu ildə 25.12%, 2018-ci ildə 21.44%, 2017-ci ildə 14.80%, 2016-cı ildə 18.73%, 2015-ci ildə 13.95%, 2014-cü ildə 13.83% olduğu halda, 2013-cü ildə 56.16% olmuşdur. 2023-cü illə müqayisədə son on ildə bu nisbətdə kəskin azalmalar nəzərə çarpır.
2024-cü ildə 11-ci sinif məzunlarının sayı 101231 nəfər, hər 100 məzuna düşən plan yerlərinin sayı 58.5 olub. 2022 və 2023-cü illərdə bu göstərici 57.1, 2021-ci ildə 60.1, 2020-ci ildə 61.2, 2019-cu ildə 59.9, 2018-ci ildə isə 54.7 olub. Ötən illə müqayisədə hər 100 məzuna düşən plan yerlərinin artımının səbəbi plan yerlərinin sayının (59007 yerdən 59180 yerə) artması ilə əlaqədardır. Dövlət sifarişi üzrə göstəriciyə nəzər salsaq, görərik ki, 2024-cü ildə hər 100 məzuna düşən yerlərin sayı 27.0, 2023-cü ildə 26.6, 2022-ci ildə 25.6, 2021-ci ildə 27.1, 2020-ci ildə 26.9, 2019-cu ildə 24.8, 2018-ci ildə isə 14.4 olub. 2019-cu ildən 2018-ci illə müqayisədə bu dərəcədə kəskin artımın səbəbi dövlət sifarişi üzrə ayrılan yerlərin kəskin artması (birdən-birə 11871 yerdən 19842 yerə) ilə əlaqədardır.
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək hüququ qazananların 89.70%-i Azərbaycan, 10.30%-i isə rus bölməsinin abituriyentləri idi.
Qeyd edək ki, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 71.00%-ni, maksimum 94.45%-ni, rus bölməsinin abituriyentləri isə minimum 5.55%-ni, maksimum 29.00%-ni tuta bilərlər.