“Biz Azərbaycanda təhsil və dövlət idarəetməsi xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə veririk”.
AzEdu.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzi ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanma mərasimində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə səsləndirib.
Məleykə Abbaszadə bildirib ki, Azərbaycanın imtahan sistemi bütün növ imtahanlar üçün xüsusi olaraq yaradılmış avadanlıq, proqram təminatı və metodologiyanı özündə birləşdirən, dəqiqliklə işləyən bir mexanizmdir:
"Uzun illərdir tətbiq olunan və bütün imtahan prosesini avtomatlaşdırmağa imkan verən açıq sosio-texniki sistemin əsas mahiyyəti ondan ibarətdir ki, qərar qəbul edən şəxs yalnız texnoloji, metodiki və texniki cəhətdən bu imkana malik olur və onun qərarı konkret şəxsin nəticəsinə təsir göstərə bilmir.
Kütləvi proseslərin idarə olunması zamanı qərarların qəbulu sistematik və ardıcıl qaydalar – alqoritmlər əsasında həyata keçirilir. Bu isə şəffaflıq və obyektivliyin təmin olunmasında mühüm rol oynayır.
“Biz beynəlxalq standartlara əsaslanan qiymətləndirmə sistemini tətbiq etməklə, Azərbaycanda təhsil və dövlət idarəetməsi xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə veririk”, - deyə sədr vurğulayıb.