Azedu.az

DİM-də süni intellektin tətbiqi: Yüzlərlə marker işsiz qala bilər...

Dövlət İmtahan Mərkəzi (DİM)

18 Aprel 2025, 09:22
DİM-də süni intellektin tətbiqi: Yüzlərlə marker işsiz qala bilər...

“Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan nəticələrinin yoxlanılmasında süni intellektin tətbiqi üzərində iş aparılır. Nəzərdə tutulanlar nə səviyyədə özünü doğruldacaq, bunu zaman göstərəcək. Bununla belə istənilən halda, ən etibarlı inam və güvən daşıyıcısı insan amilidir. İmtahanların istər yoxlanılması olsun, istərsə də qiymətləndirilməsi prosesini süni intellektin öhdəsinə buraxmaq özümüzə olan inam və güvəni şübhə altına almaq deməkdir. Bu özümüzü çansız maşınlardan asılı vəziyyətə salmaq anlamına gəlir”.

 

Bunu AzEdu.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

 

O bildirib ki, bu DİM-ə cəlb olunan yüzlərlə markeri məşğul olduqları sahədən uzaqlaşdırmaqdır. Təbii intellekti süni intellektlə əvəzləmək, onsuz da gərginlik yaşanan əmək bazarında yeni fəsadlar yaranmasına səbəb olmaqdır:

 

“İmtahan nəticələrinin yoxlanılmasında süni intellektin tətbiqi üzərində iş aparılır” kimi rəsmi bəyanatlar verərkən, təhsildə mövcud problemlərimiz azmış kimi, hələ bir süni intellektlə bağlı yeni ixtisasların tətbiq ediləcəyi sahələr, gətirəcəyi yeniliklər, bu istiqamətdə müəllim kadrlarının hazırlanması, dərs vəsaitləri, orta məktəblərdən başlayaraq fənlərin tədrisi və s. kimi mühüm məqamlara cəlb olunacağımızı da düşünməliyik. Bir halda ki, “süni intellektin tətbiqi dünyada hələ təzədir və bu, zaman alan, araşdırılmalı prosesdir” elə isə gözləyək görək, “dünyanın axırı” necə olacaq.

 

Yüksək texnologiyalar onsuz da insan faktorunu böyük ölçüdə  arxa plana çəkib və bu proses indinin özündə də davam etməkdədir. Baxmayaraq, bu bir aksiomadır ki, heç bir texniki vasitə, yüksək texnologiya insan amilinin önünə keçə bilməz. Çünki, süni intellektin özü belə insan beyninin, onun düşüncəsinin məhsuludur. Süni intellektin daşıyıcıs insan tərəfindən proqramlaşdırılmış maşındır. Qəbul edək ki, süni intellekt ümumilikdə insan kimi düşünə, öyrənə və qərar verə bilən sistemlərə verilən addır. Bu texnologiya maşınlara məlumatlar və alqoritmlər vasitəsilə müəyyən qabiliyyətlər tələb edən mürəkkəb vəzifələri yerinə yetirməyə imkan verir. Lakin, bu bizə əsas verirmi ki, öz təbii intellektimizi inkişaf etdirmək əvəzinə, süni intelektin əsirinə çevrilək?”.

 

Ekspert əlavə edib ki, "2025-2028-ci illər üçün süni intellekt Strategiyası" əsasən 2026-2027-ci illərdə Süni İntellekt Akademiyasının fəaliyyəti çərçivəsində ən azı 2 nüfuzlu xarici universitetlə süni intellektin tədrisi sahəsində əməkdaşlığın təmin edilməsi, süni intellekt sahəsində 500 mühəndisin yetişdirilməsi, 3 000 nəfərlik süni intellekt icmasının formalaşdırılması nəzərdə tutulub: “Nəzərdə tutulanların reallaşdırılmasından sonra bu məsələyə yenidən qayıtmaq olar”.

 

Nərmin Qarazadə

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox