Bu günə qədər Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn sınaq platformasında 524 nəfər qeydiyyatdan keçib və onlardan 410 nəfər sınaq imtahanında iştirak edib.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn sınaq platforması 17 mart 2025-ci ildən etibarən ictimaiyyətə təqdim edilib. Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir.
Xatırladaq ki, DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə onlayn platformanın təqdimatı zamanı ictimaiyyətə müraciət edərək yeni imtahan modelinin təkmilləşdirilməsi üçün ən az iki min nəfərin imtahanda iştirakının vacib olduğunu vurğulayıb. O, hər kəsi bu imtahanın ödənişsiz qaydada təşkil edilən sınaq prosesində iştirak etməyə dəvət edib.
İlk dəfə tətbiq olunacaq bu imtahan modeli Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub.
Azərbaycan dili Sertifikasiya İmtahanında iştirak edən şəxslərin nəticələri beynəlxalq standartlara uyğun (CEFR – Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) qiymətləndiriləcək. İmtahanın nəticəsinə əsasən, namizədlərə müvafiq dil səviyyəsini (A1 – C2) göstərən sertifikat təqdim ediləcək. Bu sertifikat Azərbaycan dili üzrə bilik səviyyəsini rəsmi şəkildə təsdiq edəcək, təhsil, iş və digər sahələrdə istifadə edilə biləcək.
"Azərbaycan dili biliklərinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsini istəyən hər kəsi ödənişsiz əsaslarla təşkil edilən onlayn sınaq imtahanında iştirak etməyə dəvət edirik. İmtahanın sınaq versiyasında iştirak etmək istəyənlər göstərilən link vasitəsilə qeydiyyatdan keçərək ödənişsiz olaraq imtahan verə bilərlər", - məlumatda qeyd olunub.