"Tik-tok” sosial şəbəkəsində buraxılış imtahanında iştirak edib, az bal topladığını düşünən abituriyentlərə pul müqabilində “bal” verəcəklərini iddia edən hesablar açılıb. Onlar hər il bu yollarla dələduzluq edirlər.
Mövzu ilə bağlı AzEdu.az Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb.
Mərkəzdən bildirilib ki, son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, “Instagram”, “TikTok” və “Telegram”da saxta hesablar vasitəsilə ödəniş müqabilində hər hansı imtahan ballarının artırılması, suallarının əldə olunması və s. qeyri-real çağırışlar etməklə kiberdələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur.
Bir daha bu tip “təhrikedici” təkliflərin dələduzluq əməli olduğunu bildiririk.
Abituriyentlər belə hallarla qarşılaşdıqda dərhal Dövlət İmtahan Mərkəzinin “1653” Çağrı mərkəzinə və ya onun sosial şəbəkə hesablarına, [email protected] elektron poçtuna, eləcə də hüquq mühafizə orqanlarına müraciət edə bilərlər.
Abituriyentlərin diqqətli olmağını və valideynlərin övladlarını nəzarətdə saxlamağını tövsiyə edirik”.