17 fevral 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədr müavini Bəhrəm Xəlilov və Mərkəzin əməkdaşı Mirzağa Yaqubzadə Türkiyə Respublikası Prezidentinin Administrasiyasının İnsan Resursları Ofisi tərəfindən İstanbul şəhərində keçirilən “İstedad əsaslı inkişaf” adlı III İstanbul İnsan Resursları Forumunda iştirak ediblər.
AzEdu.az xəbər verir ki, İstanbul Konqres Mərkəzində baş tutan Forumda 36 ölkənin nümayəndə heyəti, beynəlxalq təşkilatların, dövlət və özəl sektorun nümayəndələri, həmçinin tanınmış alimlər və elm xadimləri iştirak ediblər.
Forumun açılış mərasimində Türkiyə Respublikası Prezidentinin Administrasiyasının İnsan Resursları Ofisinin rəhbəri Dr.Salim Atay, Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və İstanbul valisi Davud Gül çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Tədbir çərçivəsində nümayəndə heyəti “İstedad əsaslı inkişaf: strategiyalar, alətlər və tətbiqlər” adlı seminarda da iştirak edib. Seminar zamanı iştirakçılar insan resurslarının idarə edilməsini təkmilləşdirmək üçün effektiv strategiyalar, alətlər və ən yaxşı təcrübələr üzrə fikir mübadiləsi aparmış, insan kapitalının inkişafının optimallaşdırılması üçün qurumlar arasında əməkdaşlığın artırılması imkanlarını müzakirə ediblər.
Mərkəzin nümayəndə heyəti 18 fevral 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatı (TDT) və Türkiyə Respublikası Prezidentinin Administrasiyasının İnsan Resursları Ofisinin birgə təşkilatçılığı ilə keçirilən TDT-nin "2025-ci il Seminar Proqramı"nda iştirak edib.
Seminar zamanı B.Xəlilov çıxışında tədbirin əhəmiyyətini vurğulayaraq bu cür tədbirlərin türk dövlətləri arasında əlaqələrin inkişafı üçün vacib olduğunu qeyd edib. Bundan başqa, sədr müavini tədbir iştirakçılarına Azərbaycan Respublikasında dövlət qulluğunda aparılan islahatlar və tətbiq edilən yeni idarəetmə metodları barədə məlumat verib.