Məlumat üçün qeyd edək ki, zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərin elektron qeydiyyatı 10 oktyabr 2024-cü il tarixində sona çatıb. Müraciətini təsdiq edən 2650 nəfərdən 2259 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsi üçün vaxt seçimi edən 2086 namizəddən 1709 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 185 nəfər qeyri-məqbulla qiymətləndirilib, 192 nəfər isə bu mərhələdə iştirak etməyib.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər.
İmtahanda namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı və situasiya mühakimə bacarıqlarını yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunur. Səhv cavablar ümumi nəticəyə təsir etmir. Hər bir test bloku üzrə (ümumi intellektual səviyyəni yoxlayan test bloku, situasiya mühakimə bacarıqlarını yoxlayan test bloku) tapşırıqların cavablandırılmasına 1 saat vaxt ayrılır. Test bloklarının hər biri üzrə ümumi nəticəsi 40%-dən çox olan namizədlər növbəti mərhələyə - təlimlər mərhələsinə buraxılırlar.
İlkin test imtahanı mərhələsi üçün vaxt seçimi edən 1580 namizəddən 1157 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 321 nəfər qeyri-məqbulla qiymətləndirilib, 22 nəfər isə bu mərhələdə iştirak etməyib. Bu həftə ərzində 80 namizədin ilkin test imtahanında iştirakı gözlənilir.
İlkin test imtahanı mərhələsini uğurla keçən namizədlər əyani vəsaitlərlə təmin edilir (zal nəzarətçisi təlimatı, normativ sənədlər və s) və müəyyən edilmiş qrafikə uyğun olaraq iki günlük təlimə cəlb olunurlar. Təlimlərə qeydiyyat elektron qaydada aparılır. Namizədin mobil telefonuna və elektron poçt ünvanına məlumat gəldikdən və növbəti mərhələlər üçün tələb olunan məbləği şəxsi kabinetinə əlavə etdikdən sonra elektron anketinə daxil olaraq birinci təlim üçün təlim vaxtını və gününü seçir. Birinci təlimdə iştirak edən namizədlərin mobil telefonuna və elektron poçt ünvanına məlumat gəldikdən sonra elektron anketinə daxil olaraq ikinci təlim üçün təlim vaxtını və gününü seçirlər.
Birinci təlim günü: “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimi imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahan gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri, imtahana psixoloji hazırlıq və bu kimi bir sıra mövzuları əhatə edir.
Məlumat üçün qeyd edək ki, artıq 636 namizəd “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimində iştirak etmək üçün vaxt seçimi edib.
Təlim zamanı təlimçilər namizədləri qiymətləndirir və təlimin gündəliyində qeydlər aparır, namizədlərin tədrisin interaktiv hissəsində fəal iştirakını, stres vəziyyətində və qrup şəklində işləmək bacarıqlarını qeyd edir, problemli, münaqişə və konflikt yaradan, həddindən artıq passiv namizədlərə sertifikat verilməməsi üçün xüsusi rəy verirlər.
Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması mərhələləri ilə bağlı sual yaranarsa, [email protected] poçt ünvanına və 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.