Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 15 noyabr 2024-cü il tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları üçün “Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda onlayn təlim keçirilib.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, təlim zamanı Mərkəzin Hüquqi təminat sektorunun məsləhətçisi Mirzağa Yaqubzadə iştirakçılara xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması, dövlət orqanlarının kateqoriyasına uyğun olaraq vakant inzibati vəzifələrin tutulmasının ümumi şərtləri, habelə həmin vəzifələr üzrə tələb olunan sertifikatlar (vəzifə qrupu və alt qrupu), hər bir vakant inzibati vəzifənin tutulması üçün keçirilən müsabiqələrin növləri, “Dövlət qulluğu haqqında” Qanuna edilən cari dəyişikliklər (əsasən də inzibati vəzifələrin təsnifatında edilən dəyişikliklər) və digər məsələlər barədə məlumat verib.
Təlimin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.