17 sentyabr 2024-cü il tarixində 5 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan 8 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, Daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin ikinci təsnifatına, 2-si üçüncü təsnifatına, 5-i isə dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Aparatının rəhbərinin müavini vəzifəsidir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 sentyabr 2024-cü il tarixindən 1 oktyabr 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.