Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) dünəndən I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat elan edib.
Qeydiyyat 2023-cü il iyunun 5-dən 20-dək aparılacaq.
İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər qeydiyyatdan keçmək üçün müvafiq qaydada ödəniş etməlidirlər.
Bəs qəbul imtahanlarının 2-ci cəhdində iştirakın qiyməti neçə manatdır?
AzEdu.az-ın məlumatına görə, qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək 40 manat ödəniş tələb olunur.
Bundan başqa, əlavə altqrup imtahanında itirak üçün 10 manat ödəni etmək vacibdir.
Xatırladaq ki, 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.
Aşağıdakı kateqoriyadan olan abituriyentlərin 2-ci cəhd imtahanda iştirakı ödənişsizdir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.
İmtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan) üzrə 9 iyul , I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan) üzrə isə 23 iyulda keçiriləcək.