Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi iyunun 3-də I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) və riyaziyyat-informatika (Rİ) altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
Bəzi valideynlər DİM-ə ünvanladıqları iradlarda bu imtahana 1 saat vaxtın ayrılması ilə razılaşmadıqlarını bildiriblər.
“İnformatika fənni imtahanı üçün 1 saat vaxt çox azdır. Sualların əksəriyyəti hesablama tiplidir və vaxt aparan suallardır. 1 saat ərzində 30 çətin sualı həm hesablayıb yazıb, həm də kodlaşdırmaq mümkün deyil. Bu ana dili, ingilis dili, tarix deyil ki nəzəriyyə oxuyub cavab versinlər. Kodlaşdırmaya ayrılan vaxtı çıxsaq, 45-50 dəq ərzində 30 suala kim tam cavab verə bilər... İmtahan vaxtı ən azı 15 dəqiqə uzadılmalıdır”, - deyə şikayətçi valideynlərdən biri DİM-dən məsələyə aydınlıq gətirməyi istəyib.
AzEdu.az-ın məlumatına görə, DİM iradlara cavab verib.
“Nəzərinizə çatdıraq ki, qəbul imtahanında üç fənn üçün 3 saat vaxt ayrılır. Ona görə də əlavə imtahan üçün bir saat nəzərdə tutulub və bu vaxt kifayətdir”, - deyə DİM informatika fənni üzrə imtahanla bağlı iradları əsassız sayıb.