Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün test imtahanı və təlimlər davam edir.
Məlumat üçün qeyd edək ki, müsahibə mərhələsində uğur qazanan 1680 nəfər ilkin test imtahanına dəvət olunub və onlardan artıq 1165 nəfər imtahanda iştirak edib.
AzEdu.az xəbər verir ki, ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahan 1 saat davam edir və namizədlər imtahandan dərhal sonra nəticələri ilə tanış olurlar. Bu imtahan namizədlərdə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı müqayisə etmə və ümumiləşdirmə, vizual məlumatı təhlil etmə, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə kömək edir.
Psixometrik test imtahanının müddəti isə 35 dəqiqədir. Bu imtahanda namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və sosial idarəetmə qabiliyyəti, həmçinin çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.
Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahanda minimum 40% nəticə göstərən və psixometrik testlərin nəticəsi məqbul olan namizədlərə təlimlərdə iştiak etməklə bağlı bildiriş göndərilir.
Təlimlərin birinci günü səmərəli ünsiyyət, işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması və etik davranış qaydalarına aid mövzuları əhatə edir.
Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və fikir mübadiləsi aparılır.
İlkin test imtahanında məqbul nəticə əldə edən 1014 nəfər təlimlər mərhələsinə dəvət olunub və onlardan artıq 25 nəfər I təlimdə iştirak edib.