Dövlət İmtahan Mərkəzinin (DİM) Strateji inkişaf şöbəsinin əməkdaşları Bakı Dövlət Universitetində “SABAH” qruplarının tələbələri üçün Kembric ingilis dili kvalifikasiyaları və ICDL (International Computer Driving Licence) imtahanı haqqında məlumat sessiyası keçiriblər.
DİM-dən AzEdu.az-a bildirilib ki, sessiyada 180 nəfər iştirak edib. Görüşdə DİM-in fəaliyyəti, beynəlxalq tərəfdaşları və əməkdaşlıq etdiyi qurumlar, mərkəz tərəfindən keçirilən beynəlxalq imtahanlar barədə məlumat verilib.
Sessiyanın əsas hissəsi Kembric ingilis dili kvalifikasiyalarına və ICDL imtahanları barədə təqdimata həsr olunub. Belə ki, Kembric imtahanlarının beynəlxalq səviyyədə tanınması, müxtəlif səviyyə imtahanları (A1, A2, B1, B2), sertifikatın müddətsiz olması, əlçatan hazırlıq imkanları kimi üstünlükləri vurğulanıb. Daha sonra DİM-in əməkdaşları ICDL imtahanının rəqəmsal bacarıqların yoxlanılmasında əhəmiyyəti və imtahana hazırlıq prosesi barədə məlumat veriblər. Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri kimi Kembric ingilis dili kvalifikasiyaları (Cambridge English Qualifications), Kembric ingilis dilinin tədrisi (Cambridge English Teaching) və “LinguaSkill”, həmçinin müraciət əsasında Kembric ingilis dili səviyyə testi (Cambridge English Placement Test) imtahanlarını keçirir.