Dövlət İmtahan Mərkəzi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" texniki yardım layihəsinin rəsmi açılışı ilə bağlı tədbir keçirib.
Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) həyata keçirdiyi “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsinin rəsmi açılış tədbiri 14 iyul 2022-ci il tarixində “Fairmont Baku” hotelində baş tutub.
AzEdu.az xəbər verir ki, tədbirdə bir sıra dövlət və özəl qurumların rəhbər şəxsləri, Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri və nümayəndələri, həmçinin beynəlxalq ekspertlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə layihənin dövlət qulluğu sistemindəki islahatlara verəcəyi töhfələr, DİM-in dövlət qulluğuna qəbul, qulluqda yüksəliş və xidməti fəaliyyətin qiymətləndirilməsi, davamlı peşəkar inkişaf və fərdi karyeranın planlaşdırılması üzrə imkanlarını necə inkişaf etdirəcəyinə dair məlumat verib. O, DİM ilə Avropa İttifaqı arasındakı digər əməkdaşlıq layihələrindən də söhbət açıb.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Petr Mixalko da qonaqları salamlayıb və həyata keçirilən layihənin əhəmiyyətini vurğulayıb.
Daha sonra tədbirdə DİM-in əməkdaşları və beynəlxalq ekspertlər tərəfindən təqdimatlar edilib:
Sonda layihənin meneceri, DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn layihə çərçivəsində həyata keçirilən və reallaşdırılması planlaşdırılan işlərdən bəhs edib.
Xatırladaq ki, dövlət qulluğu sistemində dayanıqlı islahatların aparılması məqsədilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi 2022-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə iki illik “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi təşkilati strukturu və texniki bazanı gücləndirməklə “Azərbaycan Respublikasında 2019-2025-ci illər üçün Dövlət Qulluğunun İnkişafı Strategiyası”nın həyata keçirilməsinə töhfə verməkdir. PROMAN şirkəti və beynəlxalq konsorsium tərəfindən icra edilən layihə Avropa İttifaqının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.