Doktoranturaya qəbul faizi ciddi şəkildə aşağı düşüb.
AzEdu.az xəbər verir ki, bu fikirləri bu gün Bakı Dövlət Universitetində keçirilən elm və ali təhsil üzrə ictimai dinləmədə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli səsləndirib.
Nazir müşaviri bildirib ki, gənclərin doktorantura təhsilinə marağının artırılması ilə bağlı ciddi islahatlara ehtiyac var. Onun sözlərinə görə, bu məsələ yalnız qəbul meyarlarının dəyişdirilməsi ilə bitmir, daha dərin yanaşma tələb edir:
“Bunu həyata keçirmək kifayət qədər asan məsələdir. Biz meyarları yeniləyib istədiyimiz formada tədqiqat universitetinin meyarlarına uyğunlaşdıra bilərik ki, universitetimiz həmin statusa cavab versin. Amma burada məsələ təkcə meyarlarla məhdudlaşmır. Əsas olan budur ki, biz başa düşməliyik: əgər söhbət tədqiqat universitetindən gedirsə, bu cür universitetlərdə fəaliyyət əsasən elmi tədqiqatlara yönəlməlidir”.
Nicat Məmmədli qeyd edib ki, belə olduqda bakalavriat səviyyəsinin payını müəyyən qədər azaltmaq, daha çox magistratura və doktorantura səviyyələrinə fokuslanmaq lazımdır.
“Bütün dünyada tədqiqat universitetləri məhz bu istiqamətdə ixtisaslaşır və elmi potensiallarını bu sahələrdə cəmləşdirirlər. Eyni zamanda tədqiqatların inkişafı üçün əlavə maliyyə resurslarının cəlb olunması da vacib məsələlərdəndir”.