"Elmi dərəcənin mahiyyəti dəyişməlidir".
Bu fikri AzEdu.az-a açıqlamasında təhsil üzrə mütəxəssis Elçin Süleymanov bildirib.
Dünyanın bir çox ölkəsində sadəcə elmi dərəcə və elmi vəzifə mövcuddur:
"Elmi dərəcə dedikdə, bu, təhsil dərəcəsini nəzərdə tutur. Yəni bakalavr, hətta subbakalavr, magistratura və doktorantura dərəcəsi. Doktorantura dərəcəsi isə tədqiqat aparmağa səlahiyyət verən bir dərəcədir. Bu, universitetdə pedaqoji və tədqiqat fəaliyyətini həyata keçirmək üçün vacib səlahiyyətdir. Bu şəxs, eyni zamanda, tədqiqat aparmaq və ali məktəblərdə müəllimlik etmək imkanı əldə edir. Əgər bu dərəcəyə sahib deyilsə, universitetdə professor köməkçisi kimi fəaliyyət göstərə bilər. Lakin PhD dərəcəsinə sahib olduqdan sonra universitetdə müəllim və ya tədqiqatçı kimi işə qəbul edilə bilər. Daha sonra həmin şəxsin məhsuldarlığına görə ona vəzifələr verilir".
Doktorantura təhsili mütləq dünya standartlarına uyğunlaşdırılmalıdır:
"PhD dərəcəsi olan bir şəxs universitetə müraciət etdikdə, əvvəlcə dosent köməkçisi, professor köməkçisi və daha sonra professor kimi qəbul olunur.
Bu üç pillənin hər birinin konkret ölçülə bilən meyarları mövcuddur. Sovet ölkələrində isə həmin diplom şəxsin müəyyən vəzifələri avtomatik olaraq tutmasına imkan verirdi. Amma müasir dünya universitetlərində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq tamamilə rəqabətə əsaslanır. Azərbaycanda müzakirə edilən məsələ isə kompleks bir məsələdir. Doktorantura təhsilinə başlayan birindən elmi tədqiqat aparıb dissertasiya yazması tələb olunur. Halbuki dünyada doktoranturanın müəyyən kredit yükü olan təhsil hissəsi və bundan sonra tədqiqat mərhələsi mövcuddur. Bu təhsil hissəsində tələbəyə elmi tədqiqat aparmaq bacarıqları qazandırılır. Sonra keyfiyyətli tədqiqat tələb olunur".
Bakalavrda 240 kredit, magistraturada 120 kredit, doktoranturada isə 240 kredit nəzərdə tutulur:
"Yəni doktoranturanın təhsil yükü bakalavr səviyyəsinə bənzəyir. Burada 8, bəzən 10 fənn tədris olunur və bundan sonra tədqiqat mərhələsinə keçilir. Prosesin sonunda bəzi ölkələrdə dissertasiya təqdim edilərək PhD dərəcəsi alınır. Əslində, bu təhsil sisteminin ən yüksək dərəcəsidir. Məqsəd isə odur ki, bu dərəcəni əldə edən şəxs həm tədqiqat apara, həm də pedaqoji fəaliyyətlə məşğul ola bilsin. Bu dərəcəni əldə edən şəxsin onu təkrar almasına ehtiyac yoxdur".