Bu gün çox az sayda magistr doktoranturaya sənəd verir. Qəbul olunanların sayı isə müdafiəçilərdən daha çox olur.
Bəs görəsən, niyə gənclərin doktorluğa marağı azdır? Doktorantlar niyə öz elmi işlərini müdafiə edə bilmirlər?
Mövzu ilə bağlı Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Mehrac Abbasov AzEdu.az-a açıqlamasında bildirib ki, Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması zəruridir:
“Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında elm və təhsil naziri cənab Emin Əmrullayev doktorantura təhsili ilə bağlı məsələləri yenidən gündəmə gətirərək vurğuladı ki, həm fəlsəfə doktoru, həm də elmlər doktoru proqramları üzrə qəbul olunanların sayı müdafiəni uğurla başa vuranlardan dəfələrlə çoxdur. Xüsusilə, bəzi elmi və ali təhsil müəssisələrində elmlər doktoru proqramına qəbul olunanların cəmi 1-7%-i dissertasiya işini müdafiə edir. Bu isə o deməkdir ki, elmlər doktoru proqramına qəbul olunanların təxminən 90%-i müdafiə mərhələsinə çata bilmir. Təəssüf ki, fəlsəfə doktoru hazırlığında da vəziyyət ürəkaçan deyil, burada da müdafiə edənlərin payı cəmi 10% təşkil edir. Bu rəqəmlər açıq şəkildə göstərir ki, Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması zəruridir. Lakin bu istiqamətdə hər hansı dəyişiklik etməzdən əvvəl problemin əsas səbəblərini dərindən təhlil etmək lazımdır”.
Alim gənclərin elmi işlərini müdafiə edə bilməməsinin səbəblərinə toxunub:
“Müdafiə ilə bağlı birinci və ən vacib amil maliyyə ilə bağlıdır. Doktorantların planlaşdırdıqları tədqiqatları həyata keçirə bilməsi üçün mütləq şəkildə yetərli maliyyə dəstəyi təmin olunmalıdır. İnkişaf etmiş ölkələrdə, eləcə də qardaş Türkiyədə hər bir doktoranta fərdi maliyyələşdirmə ayrılır. Bu vəsait hesabına doktorant həm təqaüd alır, həm də tədqiqat işləri üçün tələb olunan xərcləri ödəyə bilir. Uzun illərdir ki, biz bu sistemi Azərbaycanda tətbiq edə bilməmişik və nəticədə gənclər ciddi çətinliklərlə üzləşirlər.
İkinci əsas səbəb müdafiə prosesinin çətin və çoxpilləli olması, bunun müqabilində əldə edilən elmi dərəcəyə görə verilən müavinətin isə kifayət qədər aşağı olmasıdır.
Bir çox Avropa və Amerika institutlarında müdafiə prosesi cəmi 2-3 mütəxəssisin iştirakı ilə həyata keçirilir və müdafiə üçün qoyulan tələblər bizdəkinə nisbətən xeyli yüngüldür. Doğrudur, həmin ölkələrdə aparılan tədqiqatlar daha dərin və əldə edilən nəticələr elmi baxımdan daha dolğundur. Lakin bu fərqin əsas səbəbi yenə də ayrılan maliyyə vəsaiti ilə bağlıdır. Yetərli maddi dəstək olduğu halda tədqiqatçılar daha rahat işləyə, keyfiyyətli elmi nəticələr əldə edə bilərlər. Xüsusilə eksperimental tədqiqatlarda uğurlu nəticə və müdafiə prosesi birbaşa maliyyədən asılıdır.
Bu sahədə uzun illər çalışan, dünyanın onlarla qabaqcıl institut və təşkilatları ilə sıx əməkdaşlıq edən və gənc kadrlarla yaxından işləyən biri kimi əminliklə söyləyə bilərəm ki, azərbaycanlı gənclərin elmi potensialı heç də xarici həmkarlarından geri qalmır. Təsadüfi deyil ki, xaricdə doktorantura təhsili alan gənclərimiz yüksək səviyyəli tədqiqatlar aparır, uğurla müdafiə edərək oradakı elmi ictimaiyyətin rəğbətini qazanırlar. Bu isə sübut edir ki, lazımi şərait yaradılarsa, ölkəmizdə də elmi fəaliyyətin səviyyəsini ciddi şəkildə yüksəltmək mümkündür.
Növbəti problem elmi rəhbərlik və elmi məsləhətçilik sistemindəki çatışmazlıqlarla bağlıdır. Bir alim maksimum 5 doktoranta rəhbərlik etməlidir, lakin bu qayda tez-tez pozulur və bəzi alimlər 10, hətta daha çox doktoranta rəhbərlik etməyə çalışırlar. Nəticədə isə doktorantlara yetərli elmi dəstək verilmir və bu da elmi işlərin keyfiyyətinə mənfi təsir göstərir.
Bu və digər problemlər səbəbindən Azərbaycanda doktorantura təhsilinin hər iki səviyyəsi üzrə qəbul olunan doktorant və dissertantların 90%-dən çoxu tədqiqatlarını vaxtında tamamlamır və nəticədə elmi fəaliyyətdən uzaqlaşır”.
Bəzən gənclərin əsgərlikdən yayınmaq üçün doktorantura təhsilini seçməsi fikri reallığı əks etdirmir”,-deyə M.Abbasov vurğulayıb:
“Hazırda bizim sahə üzrə doktorantura və dissertantura təhsili alanların böyük əksəriyyətini qadınlar təşkil edir və onların da cəmi 10%-i alimlik dərəcəsi ala bilir. Bu da bir daha sübut edir ki, əsas problem sistemin strukturundan və maliyyə çatışmazlığından qaynaqlanır.
Cənab nazir Emin Əmrullayevin də vurğuladığı kimi, biz təcili şəkildə doktorantura təhsilini inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq yenidən qurmalı və gəncləri müasir elmi istiqamətlər üzrə tədqiqatlara cəlb etməliyik. Əminəm ki, bu problemlər həll edildiyi təqdirdə, doktorantura təhsilində də digər təhsil səviyyələrində olduğu kimi böyük rəqabət yaradaraq ən bacarıqlı gəncləri elmi fəaliyyətə cəlb edə bilərik”.