Azedu.az

"Yaşıl məktəb"lər Azərbaycan təhsilinə böyük fayda verə bilər

COP29 və Təhsil

15 Noyabr 2024, 13:57
"Yaşıl məktəb"lər Azərbaycan təhsilinə böyük fayda verə bilər

Son vaxtlar tez-tez "Yaşıl məktəb", "Yaşıl məktəb"ə keçid barədə eşdirik.

 

Bəs, görəsən, "Yaşıl məktəb" nədir?

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, yaşıl məktəblərin Azərbaycan təhsilinə töhfələri böyük ola bilər:

 

"“Yaşıl məktəb” konsepti, ətraf mühitin qorunması və dayanıqlı inkişaf məqsədini daşıyaraq, məktəb mühitini daha ekoloji və enerji səmərəli etmək istiqamətində yaradılan bir təhsil modelidir. Bu yanaşmada əsas diqqət resursların səmərəli istifadəsi, enerji qənaəti, tullantıların azaldılması və təmiz məkanların təmin edilməsinə yönəlir. Yaşıl məktəblər şagirdlərdə erkən yaşlardan ekoloji dəyərləri aşılamaq və onların ətraf mühitə daha məsuliyyətli yanaşmalarını təmin etmək məqsədilə yaradılır.

 

Yaşıl məktəblər şagirdlərin ekoloji maarifləndirilməsini təmin edərək, onları ətraf mühitin problemləri və dayanıqlı inkişaf hədəfləri ilə tanış edir. Ətraf mühitlə bağlı təlimin bir parçası kimi, yaşıl məktəblər ekoloji problemlərin qarşısının alınması və onların həlli yollarını öyrədir. Bu yanaşma,gələcəkdə ekoloji problemlərə daha həssas və səmərəli həllər gətirəcək bir nəslin yetişdirilməsinə dəstək olacaq.

 

Həmçinin yaşıl məktəblər şagirdlərdə təbiətlə birgəyaşayış anlayışını formalaşdırır, onları daha məsuliyyətli və diqqətli istehlakçılar olmağa yönləndirir. Ətraf mühitə uyğun materiallardan istifadəni və enerji qənaətini öyrənən şagirdlər bunu yalnız dərs kimi deyil, həyatlarının bir hissəsi kimi qəbul etməyə meyilli olurlar. Bu da uzun müddətdə həm cəmiyyətin, həm də ölkənin dayanıqlı inkişafına töhfə verə bilər".

 

"Azərbaycanda yaşıl məktəb konseptinin həyata keçirilməsi ilə bağlı bəzi çətinliklər mövcuddur",-deyə müsahibimiz qeyd edib:

 

""Yaşıl məktəb" konseptinin reallaşdırılmasına mane törədən həm maliyyə, həm də infrastruktur məsələləridir. Müasir yaşıl məktəb prinsiplərinə uyğun məktəblərin tikilməsi və ya mövcud məktəblərin bu prinsiplərə uyğunlaşdırılması üçün əhəmiyyətli sərmayə tələb olunur. Bundan əlavə, məktəb rəhbərliyi və müəllim heyətinin bu sahədə bilik və bacarıqlara malik olmaları da önəmlidir.

 

Hazırkı vəziyyətdə Azərbaycanda yaşıl məktəb modelinin tam tətbiqi üçün ilkin addımların atılması – yəni məktəblərdə enerjiyə qənaət tədbirlərinin görülməsi, tullantıların idarə olunması sistemlərinin yaradılması və ekoloji təhsilin gücləndirilməsi ilə başlaya bilər. Azərbaycanda bəzi məktəblərdə müəyyən qədər ekoloji tədbirlər tətbiq olunub, lakin yaşıl məktəb anlayışının geniş yayılması üçün davamlı dəstək və struktur dəyişikliyi tələb olunur.

 

Azərbaycanda yaşıl məktəblərin tam tətbiqi, gələcək nəsillərin daha ekoloji və sosial məsuliyyətli vətəndaşlar kimi yetişməsinə yardım edə bilər. Ölkənin ekoloji şüurunun inkişafı və qlobal dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün yaşıl məktəb modelinin təhsil sisteminə daxil edilməsi zəruridir". 

Rusiyadan ŞOK AÇIQLAMA - Türk birliyi dağıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox