Yaşıl təhsil konsepti, iqlim dəyişikliyi, ekosistemin qorunması, resursların düzgün istifadəsi və ətraf mühitin qorunması kimi qlobal problemlərə cavab olaraq ortaya çıxıb.
Bəs, Azərbaycan təhsili yaşıl təhsilə hazırdırmı?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov, qeyd edib ki, yaşıl təhsilin inkişafı üçün Azərbaycan təhsil sistemində dəyişikliklər tələb olunur:
“Bu təhsil modeli, şagirdlərə və tələbələrə təbiətə ziyan vermədən yaşamağın yollarını öyrətməklə yanaşı, onları gələcəkdə daha yaşıl və davamlı cəmiyyətlər qurmağa yönləndirir. Yaşıl təhsilin əsas məqsədi ekoloji dəyərləri gənc nəsillərə aşılamaq və onları məsuliyyətli vətəndaşlar kimi yetişdirməkdir.
Yaşıl təhsilin faydaları olduqca genişdir. Ekoloji maarifləndirmə, şagirdlərin təbiətlə daha yaxından təmasda olmasını təmin edir və bu da onların ətraf mühitə dəyər verməsinə səbəb olur. Yaşıl təhsil, həm də ətraf mühitə uyğun peşə sahələrinin inkişafını təşviq edir.
Bu sahələrdə çalışan mütəxəssislər təbii resursların qorunması, bərpa olunan enerji istifadəsi, ekoloji araşdırmalar və davamlı infrastruktur kimi sahələrdə innovativ həllər hazırlayır. Belə ixtisaslar arasında bərpa olunan enerji mühəndisliyi, ekoloji mühəndislik, kənd təsərrüfatı texnologiyaları, ekoloji hüquq və ekoturizm qeyd edilə bilər.
Yaşıl təhsilin əmək bazarına verəcəyi töhfələr əhəmiyyətlidir. Artıq dünya bazarında yaşıl peşələrə olan tələb artır. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) məlumatlarına görə, yaşıl iqtisadiyyat dünya iqtisadiyyatının böyüməsində əsas rol oynayan sektorlar arasında ilk sıralardadır. 2030-cu ilə qədər yaşıl peşələrdə iş imkanlarının xeyli artacağı gözlənilir və bu sahələrdə daha yüksək maaş perspektivləri təmin olunur. Yəni, yaşıl təhsilə yatırılan hər bir investisiya gələcəkdə yüksək məhsuldarlıq və iqtisadi mənfəət gətirəcək".
K.Əsədov bildirib ki, Azərbaycanın təhsil sektorunda ekoloji təlimə və yaşıl təhsilə dair müəyyən addımlar atılsa da, bu sahə hələ tam formalaşmayıb:
"Məsələn, təhsil proqramlarında ekoloji mövzuların daha dərindən işlənməsi və yaşıl ixtisasların inkişafı ilə bağlı dəstəklər azdır. Beynəlxalq təhsil sistemlərində, məsələn, Finlandiyada məktəblərdən tutmuş universitetlərə qədər yaşıl təhsil dəyərlərinə geniş yer verilir və bu da cəmiyyətin ətraf mühitə olan yanaşmasını dəyişdirir. Azərbaycanda isə bu sahədə irəliləyiş üçün təhsilin bütün səviyyələrində yaşıl düşüncə modelinin tədrisi genişləndirilməlidir. Təhsil mühitində ekoloji layihələr, təbiətə uyğun davranış vərdişləri öyrədilməli və şagirdlər bu cür fəaliyyətdə aktiv iştirak etməlidirlər.
Yaşıl təhsil həmçinin tələbələrin ekoloji məsuliyyətlilik səviyyəsini artıraraq, onların fərdi inkişafına kömək edir. Bu, uzunmüddətli baxımda sosial fayda yaradır və cəmiyyətin davamlı inkişafına kömək edir. Tədqiqatlar göstərir ki, ekoloji maarifləndirmə görmüş tələbələr öz iş sahələrində daha məsuliyyətli davranır və təbii resurslardan daha səmərəli istifadə edirlər. Məsələn, bir çox ölkədə yaşıl təhsil alan tələbələr həmrəylik layihələrində iştirak edir, ətraf mühitin qorunması üçün kampaniyalar təşkil edir və yenilikçi təmiz texnologiyalarla işləyirlər.
Statistikaya nəzər saldıqda, Avropa İttifaqının 2020-ci il məlumatlarına görə, yaşıl peşələrdə işləyən şəxslərin sayı əvvəlki illərə nisbətən 30% artıb. Eyni zamanda, ekoloji hüquq, iqlim mühəndisliyi və bərpa olunan enerji sahələrinə maraq xeyli yüksəlib. Azərbaycanda da yaşıl iqtisadiyyatın inkişafı üçün ixtisaslı kadrların yetişdirilməsinə ehtiyac var, lakin yaşıl təhsilə qoyulan investisiyalar bu potensialın reallaşdırılması üçün yetərli deyil”.
Ekspert vurğulayıb ki, yaşıl təhsilin inkişafı üçün Azərbaycan təhsil sistemində dəyişikliklər tələb olunur:
"Əvvəla, tədris proqramlarında ekoloji elmlərə, iqlim dəyişikliyi və davamlı inkişafla bağlı dərslərə daha geniş yer verilməlidir. Təhsil müəssisələri ekoloji layihələrdə tələbələrin iştirakını təşviq etməli, təbiətə zərər vermədən yaşama və işləmə vərdişlərini öyrətməlidirlər.Bu sahədə beynəlxalq təcrübələrdən istifadə edərək, məktəb və universitet səviyyəsində ekoloji kursların artırılması və tələbələrin yaşıl peşələrə yönləndirilməsi böyük fayda verəcəkdir.
Son olaraq, yaşıl təhsilin tətbiqi ilə gələcək nəsillər ekoloji dəyərlərə daha bağlı, məsuliyyətli və təbiətə dost davranacaq, bu isə davamlı cəmiyyətlərin qurulmasına əvəzsiz töhfə verəcəkdir. Yaşıl təhsil və onun faydaları dərin, müxtəlif sahələri əhatə edən və geniş təsir gücünə malik bir yanaşmadır”,- deyə fikrini tamamlayıb.