Xəbər verdiyimiz kimi, bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası başladı.
Belə ki, 2023-cü ilin dekabrın 11–də Birləşmiş Ərəb Əmirliklərində COP28-in plenar iclasında bununla bağlı qərar verilib. COP28-in prezidenti, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir COP-un növbəti konfransının Azərbaycanda keçiriləcəyini elan edib.
Bəs, görəsən, COP29-un təhsilə nə kimi təsiri olacaq?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, iqlim böhranının həllində təhsilin rolu misilsizdir:
“Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edir. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən böyük tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur. İqlim tədqiqatçılarının da iştirak etdiyi tədbirin əsas məqsədi dünya ölkələrində karbon emissiyalarını azaltmaq, ekoloji tarazlığı qorumaq və təmiz texnologiyaların tətbiqi ilə dayanıqlı inkişafı təmin etməkdir. İqlim böhranının həllində təhsilin rolu misilsizdir. Son illər ölkə təhsilində iqlim dəyişikliklərinə və ekoloji biliklərə diqqət artıb. Ümumtəhsil məktəblərdə ekologiya, ətraf mühitin qorunması, iqlim böhranı kimi məlumatlar tədris proqramlarına daxil edilib.
COP29-un təsiri ilə şagirdlərin bu istiqamətdə ixtisaslaşmalarına həvəs artacaq. Növbəti tədris ilində COP29-a görə bu yöndə olan ixtisaslara maraq çoxaldığından keçid balları da arta bilər.Nəzərə alsaq ki, təhsil genişspektrli sahədir və iqlim problemlərini bu sistemlə gündəmə gətirmək daha faydalı olardı. İqlim problemlərini təhsil və iqlim fəaliyyəti ilə gündəmə gətirilə bilər. Azərbaycanda COP29-un təhsil sahəsində tətbiqini dəstəkləyən əsas məqamlar arasında iqlim təhsilinin tədris proqramlarında geniş yer tutması və şagirdlərin ətraf mühit haqqında daha dərindən məlumatlandırılması ilə yanaşı, yenilənə bilən enerji mənbələri, tullantıların idarə olunması, su və hava keyfiyyəti kimi mövzuların tədris edilməsidir”.
Ekspert bildirib ki, təhsildə belə yanaşma gələcək nəsillərin iqlim böhranına qarşı həssas, məlumatlı və məsuliyyətli fərdlər kimi yetişdirilməsinə şərait yaradacaq:
“COP29-un uğurları Azərbaycan təhsilində rəqəmsal texnologiyaların tətbiqinin artırılması üçün də təkan ola bilər.
Rəqəmsal texnologiyalar vasitəsilə iqlim dəyişiklikləri və ətraf mühit problemləri barədə interaktiv və əhatəli dərslər vasitəsilə şagirdlər təkcə nəzəri bilikləri deyil, həm də virtual laboratoriyalar, interaktiv xəritələr və simulyasiyalar vasitəsilə real iqlim dəyişikliklərinin təsirlərini öyrənə bilərlər.
Bu möhtəşəm tədbir vasitəsilə həm də xarici tələbələrin ölkəmizdə təhsil almasına müsbət təsir göstərəcək. Belə ki, tədbirə gələn xarici ölkələrin rəsmi nümayəndələri Azərbaycanla, həmçinin təhsil sahəsində əməkdaşlıq etməkdə maraqlı olacaqlar. Göründüyü kimi, iqlim məsələləri təhsil vasitəsilə geniş imkanlar yaradır, həm də elmə əlavə impulslar gətirir”,- deyə fikrini yekunlaşdırıb.