Xəbər verdiyimiz kimi, imtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Belə ki, naxçıvanlı iki şagird maksimum nəticə əldə edib. Onlardan biri də Naxçıvan şəhəri 11 saylı orta məktəbin 11-ci sinif şagirdi Heydərov İbrahim Xəyal oğludur.
AzEdu.az həmin şagirdlə əlaqə saxlayıb. O, təəssüratlarını bizimlə bölüşüb.
Heydərovun sözlərinə görə, nəticələrinin açıqlanması xəbərini ilk dəfə atasından öyrənib:
“Həmin SMS atama gəlmişdi. Eşidəndə ki, 300 bal toplamışam, çox sevindim. Çünki özüm 280-290-dan yuxarı bal toplayacağımı düşünürdüm. 300 bal toplayacağımı gözləmədiyim üçün bu, həqiqətən də sevindirici bir hal oldu. Sevincimin digər bir səbəbi isə yüksək nəticə toplamaq üçün çox əziyyət çəkməyimdir. Hesab edirəm ki, bu balı toplamaq üçün o əziyyətə dəyər. Artıq biləndə ki, 300 bal toplamışam, bir anlıq bütün əziyyətim gözümün önündən getdi. Əziyyətin bəhrəsini görmək çox gözəl hissdir.
II ixtisas qrupu üzrə hazırlaşıram. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə sahəsi üzrə təhsil alıb bu sahədə inkişaf etmək istəyirəm. Həmçinin blok imtahanına da yaxşı hazırlaşmağa çalışıram. Əgər bu imtahana da yaxşı hazırlaşa bilsəm, düşünürəm ki, 700 bal toplaya bilərəm”.
“Bundan başqa digər şagirdlərə də tövsiyə edirəm ki, dərslərini sistemli və düzgün şəkildə çalışsınlar”, - deyə fikrinə əlavə edib:
“Telefondan və beyni yoran işlərdən uzaq dursunlar. Repetitor yanına getmişəm. İstər məktəb müəllimlərimin, istərsə də repetitor müəllimlərimin əməyi var. Hesab edirəm ki, uğurun sirri planlı şəkildə çalışmaqdır. Məsələn, 2 saat tarixə, 2 saat riyaziyyata və 2 saat coğrafiyaya vaxt ayırırdım. Həmçinin sınaq imtahanlarında iştirak etməyin özü də olduqca faydalıdır. Gələcəkdə maliyyə sahəsi üzrə magistratura təhsili alıb, xaricdə davam etdirmək istəyirəm”.