Azedu.az

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib

Bakı Şəhər üzrə Təhsil İdarəsi

21 Oktyabr 2025, 12:56
Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə effektiv kommunikasiyanın təmin olunmasına dair görüşlər keçirilib.

AzEdu.az xəbər verir ki, paytaxtdakı ümumi təhsil məktəblərini əhatə edən görüşlərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı, BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və məktəb direktorları iştirak ediblər.

Məktəb idarəçiliyində effektiv kommunikasiyanın əhəmiyyəti və vahid informasiya mübadiləsinin təmin olunması mövzusunda təqdimatla çıxış edən Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov təhsil müəssisələri rəhbərlərinin ictimaiyyətlə əlaqələr və informasiya mübadiləsi işinə daha həssas yanaşmasının vacibliyindən, məktəb idarəçiliyində effektiv kommunikasiyanın əhəmiyyətindən, məktəbin internet resurslarının idarə olunmasından, sosial media və ictimai platformalardan səmərəli istifadə yollarından və digər vacib məsələlərdən danışıb. Məktəb və müəllim nüfuzunun qorunması baxımından valideynlərlə əməkdaşlığa diqqət çəkən sektor müdiri səmərəli məktəb mühitinin formalaşdırılmasının əhəmiyyəti haqqında fikirlərini bildirib.

MÜTDA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı məktəbin imicinin formalaşdırılmasında kommunikasiya kanallarının düzgün idarə olunmasının əhəmiyyətindən söz açıb. Bildirib ki, məktəbin gündəlik fəaliyyətindəki yeniliklərin, nailiyyətlərin və mühüm hadisələrin operativ şəkildə cəmiyyətə çatdırılması, valideynlərlə və ictimaiyyətlə açıq və şəffaf kommunikasiya mühitinin yaradılması həm məktəbin nüfuzunun artmasına, həm də təhsil prosesində ictimai dəstəyin güclənməsinə səbəb olur.

Görüşlərdə məktəb direktorlarını maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşlərin keçirilməsində əsas məqsəd ictimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılması, kommunikasiya strategiyasının təkmilləşdirilməsi, məktəb-valideyn və media ilə əməkdaşlıq mexanizmlərinin effektivliyinin gücləndirilməsindən ibarətdir.

Ramiz Mehdiyevin evində axtarış...- Nələr üzə çıxacaq?
Son xəbərlərDaha çox