Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Məktəbdə...” layihəsinin qonağı olub.
AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin yeni dərs ilində ilk görüşü paytaxtdakı 21 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Məktəblilərlə səmimi ünsiyyət şəraitində keçən görüşdə C.Məmmədli Ağdamın Novruzlu kəndindən başlayan həyat yolundan, məktəb illəri ilə bağlı xatirələrindən, müəllimlərinin həyatında oynadığı roldan, məşğul olduğu fəaliyyət sahələrindən, həyatda və peşəsində uğur qazanmasına təsir edən amillərdən danışıb.
Qonaq 30 il Ağdamsız yaşayıb yenidən doğma torpaqlara qovuşmağın bəxtiyarlığından, işğaldan azad olunduqdan sonra yurd yerlərimizdə canlanan yeni həyatın insanlara bəxş etdiyi xoşbəxtlikdən söz açıb.
Qloballaşan dünyanın bu gün məktəb, müəllim və şagirdin qarşısına qoyduğu tələblərdən, təhsilə ictimai baxışdan, hər zaman qorunmalı olan müəllim nüfuzundan danışan qonaq şəxsi təcrübələri əsasında maraqlı nümunələrlə şagirdləri düşündürən suallara aydınlıq gətirib, maraqlı mövzularla bağlı məktəblilərlə fikir mübadiləsi aparıb. “Bu məktəb məni uşaqlığıma geri qaytardı”, deyən C.Məmmədli sagirdlərlə ünsiyyətdən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.