Azedu.az

“Öz Vətənimizin himnini oxuduğunuz üçün xoşbəxtsiniz” – millət vəkili Anar İsgəndərov

Bakı Şəhər üzrə Təhsil İdarəsi

26 May 2025, 16:17
“Öz Vətənimizin himnini oxuduğunuz üçün xoşbəxtsiniz” – millət vəkili Anar İsgəndərov

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Anar İsgəndərov “Məktəbdə...” layihəsinin qonağı olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin növbəti görüşü paytaxtdakı 189-190 nömrəli tam orta məktəbdə keçirilib. 

Bu barədə idarədən AzEdu.az məlumat verilib. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümü ərəfəsində məktəblilərlə görüşən tarix elmləri doktoru, professor A.İsgəndərov Şərqdə ilk demokratik respublika yaratmaq uğrunda mübarizəyə qoşulan insanların əzmkarlığından danışıb, cümhuriyyət dövründə təhsil sahəsində atılan əhəmiyyətli addımlardan söz açıb, həmin tarixi dövr barədə məktəblilərə ətraflı məlumat verib. Şagirdlərə “Öz Vətənimizin himnini oxuduğunuz üçün xoşbəxtsiniz”, - deyərək səslənən millət vəkili müstəqil Azərbaycanın daha da güclü, qüdrətli dövlətə çevrilməsində gələcək nəsillərin üzərinə düşən vəzifələrdən bəhs edib.

Millət vəkili özünün məktəb illəri, gənclik dövrü ilə bağlı xatirələrindən, əldə etdiyi nailiyyətlərdə aldığı təhsilin və qazandığı təcrübələrin rolundan danışıb. Müasir dövrün tələbləri və bugünün məktəbindən, həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən, vətənpərvər, intellektual gəncliyin yetişməsində təhsil müəssisələrinin rolundan söz açan A.İsgəndərov gələcəyə hesablanmış doğru ixtisas seçimləri, yeniyetmə və gənclərin zərərli vərdişlərdən, yad təsirlərdən qorunması yolları barədə şagirdlərə tövsiyələr verib, onları düşündürən sualları cavablandırıb.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox