Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 martda keçirilmiş buraxılış imtahanı nəticələri elan olunub. İmtahanda 20 nəfər maksimum – 300 bal toplayıb.
Yüksək bal toplayanlardan biri də 263 nömrəli tam orta məktəbin şagirdi Abbaslı Fatimə Zamin qızıdır.
Fatimə AzEdu.az-a gələcək hədəflərindən və arzularından danışıb.
Maliyyə ixtisasında təhsil almağı hədəfləyirəm:
“İmtahanda 290-dan çox bal topladığıma əmin idim. 300 olacağını şübhə etdiyimdən, bir az da həyəcan keçirirdim. Nəticələr açıqlananda Coğrafiya fənnindən hazırlıqda idim. İlk dəfə sevincimi müəllimimlə bölüşdüm. Ailəmin də xəbəri olduğundan, evə gələndə onlar da məni təbrik etdilər. Hədəfim Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə ixtisasına qəbul olmaqdır. Əlimdən gələni edəcəm ki, 700 bal toplayım. Ancaq əsas istədiyim ixtisasa qəbul olmaqdır, balın o qədər də fərqi yoxdur”.
Fatimə bildirib ki, gələcəkdə təhsilini xaricdə də davam etdirməyi düşünür:
“Böyük xarici şirkətlərdə işləməyi istəyirəm. Bunun üçün də əlimdən gələni edəcəm. Mən 9-cu sinifdən bəri hazırlıqlara gedirəm, amma blok fənləri üzrə 10-cu sinifdən hazırlaşmışam. Mənə görə uğurun sirri planlı olmaqdır".
“Günümün çoxu hazırlıqlarda keçir, evdə olduqca, oxumağa çalışıram”,- deyə A.Fatimə qeyd edib:
“Uğurlu olmaq üçün planlı hərəkət edirəm. Evdə olanda dərslərimi oxuyuram".