Xəbər verdiyimiz kimi, müğənni Samir Piriyevin həyat yoldaşı Anara qızı Fərəhin təhsil aldığı 42 saylı məktəbin direktorundan şikayətçidir.
AzEdu.az xəbər verir ki, bu haqda sənətçinin xanımı sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə məlumat verib.
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq sözügedən məktəblə əlaqə saxladıq.
Məktəbdən bildirilib ki, Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir:
"Həmin qərara əsasən 42 nömrəli məktəbin Pedaqoji Şurası tərəfindən valideynlərin rəyi nəzərə alınaraq 4 nümunədə geyim formasından biri (mavi və boz) seçilib. Bununla bağlı öncədən valideynlərə də məlumat verilib.
24.09.2024-cü il tarixində məktəb rəhbərliyi tərəfindən şagird (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) açıq rəngdə ətək geyindiyi üçün ona irad bildirilib və boz rəngdə ətək geyinməsi tövsiyə olunub. Valideyn isə irada görə məktəb rəhbərliyinə qarşı qeyri-etik ifadələr işlədib.
Övladları məktəbdə bu dərs ilindən təhsil alan valideynlərə tövsiyəmiz ondan ibarətdir ki, məktəbdaxili qaydalara hörmətlə yanaşsınlar və uşaqların məktəb mühitinə effektiv şəkildə uyğunlaşmasına dəstək olsunlar.
Qeyd edək ki, eyni görünüşə malik olan məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir".