“Ədəbiyyat fənni üzrə qəbul proqramı V-XI sinif dərsliklərini əhatə edir”
Bunu AzEdu.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib. O, Ədəbiyyat fənni ilə bağlı qaranlıq qalan əsas məqama aydınlıq gətirib:
“Qəbul proqramı V-XI sinif dərsliklərini əhatə edir və növbəti həftə fənlər üzrə seminarlar başladıqdan sonra təsdiq olunub saytımızda yerləşdiriləcək”.
Xatırladaq ki, Ədəbiyyat fənni üzrə illərdir mövcud olan qəbul imtahanına düşəcək suallar X-XI sinif dərsliklərinin əsasında tərtib olunurdu. DİM tərəfindən rəsmi açıqlama verilmədiyindən sosial şəbəkələrdə, eləcə də müəllim və abituriyentlər arasında 2019-cu ildə sözügen fənnin proqramına hansı siniflər üzrə dərslərin daxil edildiyi qaranlıq qalan əsas məqamlardan biri idi.
Məlumat üçün qeyd edək ki, 2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq. Yeni modelə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.