“Testlərin hazırlanma mexanizmi uyğun proqramın öyrədildiyi dərsliklərə əsaslanır. Bu dərsliklər isə əzbərçiliyi aradan qaldıracaq gücdə deyil”
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı 2017-ci ildə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq ADA Universitetinə daxil olan Pərvin Əhmədova deyib. O, yeni sistemin Azərbaycandakı hazırki təhsil səviyyəsinə təsir edəcəyini düşünmür:
“Ümumi götürsək, sualların əsaslandığı faktlar və elmi təcrübələr dəyişməz olaraq qalır. Nəticədə bunu öyrənən və dərk edən abituriyent istənilən halda sualı düzgün cavablandırmalı və bunun ölkədəki qəbul səviyyəsinə təsiri olmamalıdır”.
Pərvin Əhmədova yeni sistemin əzbərçiliyi aradan qaldırması məsələsinə də münasibət bildirib:
“Testlərin hazırlanması məlum dərsliklərə əsaslanır. Bu dərsliklər isə əzbərçiliyi aradan qaldıracaq gücdə deyil. Ümumilikdə kurikulum əzbərçiliyi aradan qaldırmayacaq”.
Xatırladaq ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.
I blok – Riyaziyyat, Fizika, Kimya
II blok-Riyaziyyat, Coğrafiya, Tarix
III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat
IV blok – Biologiya, Kimya, Fizika
Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.