Xəbər verdiyimiz kimi qəbul imtahanlarının birinci mərhələsi artıq başa çatıb. İkinci mərhələdə iştirak edəcək abituriyentlər üçün mayın 17-dən başlayan elektron qeydiyyat iyunun 14-nə qədər davam edəcək.
Yaz qəbul imtahanlarının nəticələri elan oldunduqdan sonra abituriyentlər və valideynlər arasında müxtəlif şayələr yayılıb. Məlumata görə II ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyentlərin 50%-dən çoxu minimal keçid balını toplaya bilməyib. Sözügedən ixtisas qrupu üzrə keçid balının endirilməsinin nəzərdə tutulduğu da iddia edilir.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. DİM-in mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə yayılan informasiyalar həqiqəti əks etdirmir və tamamilə dezinformasiyadır.
Qeyd edək ki, II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd verən 36559 abituriyentdən 630 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 31 nəfəri qaydaları pozduqlarına görə binadan xaric olunub və nəticələri ləğv edilib.