AzEdu.az Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov ilə müsahibəni təqdim edir:
-Rəşad müəllim, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və CİSCO şirkəti arasında əməkdaşlıq memorandumu bağlanıb. Bu əməkdaşlığın təhsil mərkəzi üçün nə kimi faydaları olacaq?
-Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə təhsil Mərkəzi və CİSCO şirkəti arasında 24 yanvar tarixində anlaşma memorandumu imzalandı. Bu memorandum çərçivəsində ikitərəfli əməkdaşlıq nəzərdə tutulub. CİSCO beynəlxalq şirkətdir. O, şəbəkə sistemi və avadanlıqlar üzrə dünyada məşhur brenddir. Buna görə də mərkəzimizin daxilində texniki ixtisaslar üzrə müəyyən məzmunu tədris prosesinə gətirməyə , inteqrasiya etməyə çalışırıq.
Mərkəzdə 8 texniki ixtisas tədris olunur. Bundan əlavə, informasiya kommunikasiya texnologiyaları ixtisası üzrə şəbəkə məzmunu üzərində işləyirik. Şəbəkənin əsasları mövzusunu 2020-2021-ci ildən İKT ixtisasına inteqrasiya olunacaq və model olaraq mərkəzimizdə tədrisi gözlənilir. Digər bir istiqamət mərkəzin daxilində CİSCO Akademiyasının qurulmasıdır. CİSCO Akademiyanın texniki imkanlarını nəzərə alaraq müəyyən kurslar həyata keçiriləcək. Bu həm təhsil alanlar, həm də digər şəxslər üçün böyük imkan yaradır. Bu kursların məzmunu hazırda yekun mərhələdədir. Buradakı istiqamətlər: İKT-nin əsasları, şəbəkənin əsasları, CİSCO şəbəkəsi üzrə ekspert səviyyəsində mütəxəssislərin hazırlanmasıdır. Növbəti təhsil ilindən başlayaraq, mərkəzimizdə kiber təhlükəsizlik ixtisasının tədrisi nəzərdə tutulur. Bu gün bazarda bu ixtisasa olduqca çox tələbat var. Məlumatlar bazasında təhlükəsizliyi təmin etmək və müdaxilənin qarşısını almaq lazımdır. Biz bu istiqamət üzrə ayrıca məzmun və kurs hazırlayırıq. Bu kursu yaratdıqdan sonra onu yeni bir ixtisas kimi tədris planına əlavə etməyi düşünürük. Kibertəhlükəsizlik kursu növbəti tədris ilindən mərkəzimizdə fənn olaraq keçiriləcək. İstənilən şəxs müraciət edərərək bu kurslarda iştirak edə biləcək. Bu əvvəl kurs formatında sonra isə ixtisas olaraq təklif ediləcək”.
-Mərkəzin daxilində Kareya Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir. Bir semestrdir ki, artıq burada dərslərə start verilib. Bu yaradılan mərkəz öz effektivliyini nə dərəcədə verib?
-Sənaye və İnnovasiyalar üzrə Bakı Şəhər Dövlət Peşə Təhsil Mərkəzi Koareya peşə təhsil modelini tətbiq edir. Biz bu peşə təhsil modeli üzrə kurikulum, tədris vəsaitləri, tədris proqramları hazırlamışıq. 2019-cu ilin sentyabr ayından başlayaraq bu model tətbiq olunur. Bu tədris proqramının ilk yarımilinin nəticələrini müəyyən etmişik. Bizim müəssisəmiz publik hüquqi şəxs statusunu alıb və burada dövlət-özəl tərəfdaşlıq modeli qurulub. Bu modelin özəlliyi ondan ibarətdir ki, biznes və özəl şirkətləri mərkəzimizə cəlb etməli və onları tədris prosesinə inteqrasiya etməliyik. Hər bir kurikulum üzrə şirkətlərdən rəylər alırıq. Mütəmadi olaraq bazarda olan şirkətlərin istəkləri dəyişir və güclü rəqabət gedir. Mərkəzimizdə tədris etdiymiz bilik və bacarıqları müəyyən etmək üçün özəl şirkətlərlə əməkdaşlıq edirik. Dövlət və özəl tərəfdaşlıq çərçivəsində trendləri tədris prosesinə inteqrasiya edirik. Yeni modelləri seçərək tədris prosesinə cəlb edir və master klaslar təşkil edirik. Tələbələrimiz ikinci yarımildən başlayaraq şirkətlərə təcrübəyə gedirlər. Müəyyənləşdirilmiş 25-dən çox şirkətlə memorandumlar imzalanıb və bu şirkətlərin sayı gündən-günə artır. Burada təcrübə keçən tələbələr haqqında rəylər öyrənirik. Şirkətlərin bizə verdiyi rəylər əsasında tədris etdiyimiz koreya modelinin uğurluluq dərəcəsini müəyyən edirik. Tələbələrimiz Tayota və tanınmış alman və yapon istehsalı olan avtomobil şirkətlərinin servislərində təcrübə keçirlər. Onların göstərdiyi nəticə əsasında müəyyənləşdirik ki, avtomobil ixtisasında olan tələbələr bu sahədə çalışa bilirlər, ya yox. Bu şirkətlər onların bilik və bacarıqlarını müəyyənləşdirir və səviyyələrini qiymətləndirirlər. Onlar təhsilalanların hansı istiqamət üzrə işləyə biləcəklərini müəyyənləşdirirlər. Mersedez Benz avtomobillərinin Azərbaycanda əsas servis mərkəzində olmuşuq. Müəyyənləşdiririk ki, tələbələr hansı kriteriyalar əsasında praktiki məşğələlərdə iştirak edəcəklər. Bu praktiki məşğələlərin nəticələrini biz mütəmadi olaraq izləyəcəyik. Beynəlxalq şirkətlərin böyük tələbləri olur. Onların müəyyən standartları var. Bu standartlara cavab vermək üçün tələbələr hazırlayırıq ki, onlar real bazarda özlərinə yer tapa bilsinlər. Təhsil alanlarımız tədris ili bitdikdən sonra həmin müəssisələrdə qalıb orada işləmək imkanları qazanırlar. Hər bir şirkətdən bu istiqamətdə razılıq əldə etmişik. Onlar seçim prosesi apararaq müəyyənləşdirirlər ki, təhsil alanların arasında uğurlu namizədlər hansılardır.
-İş imkanlarından söz açdınız. Bəs Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi məzunlarının iş imkanları ilə nə dərəcədə maraqlanır?
-Mərkəzimizin yaratdığı dövlət-özəl tərəfdaşlığı çərçivəsində tələbələrimizin bir çoxu işlə təmin edilir. Bizim müəssisəni bitirən insanlar bilirlər ki, müxtəlif yerlərdə təcrübə keçəcəklər. Onlar tələbələrimizi gələcəkdə işçi kadr olaraq görmək istəyirlər. Elektrotexnika üzrə də əməkdaşlıq memorandumumuz var. Sənaye quraşdırılma ixtisası üzrə də bir neçə neft-qaz şirkəti ilə əlaqələr qurmuşuq. Mexanika ixtisası üzrə Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlıq edirik. Biz şirkətlərin profilləri ilə yaxından tanış olur və müəyən edirik ki, onlara hansı ixtisaslar daha çox uyğundur. Sumqayıt Texnologiyalar Parkı ilə 5 istiqamət üzrə əməkdaşlığımız var.
-Bu gün cəmiyyətimizdə peşə təhsilinə münasibət o qədər də müsbət istiqamətdə deyil. Bunun qarşısını almaq üçün hansı tədbirlərə əl atılmalıdır?
-Peşə təhsili və onun imkanları daha geniş şəkildə təbliğ olunmalıdır. Biz bu istiqamətdə orta məktəblərdən başlayaraq, təqdimatlar keçiririk. Missiyamız Peşə Təhsil Mərkəzinin istiqamətlərini onlara çatdırmaqdır. Bunu sonralar daha aşağı siniflərə də tətbiq edəcəyik. Müəyyən təbliğat işləri aparılmalıdır. Bu yaxınlarda mərkəzimizdə Açıq qapı günləri keçiriləcək. Artıq bu istiqamətdə müəyyən işlər aparılıb. Məktəblərdə təbliğatlarımız təşkil olunacaq. Daha sonra biz ali təhsil müəssisələri ilə bu əməkdaşlığı aparmağa çalışacayıq. Çünki bizim peşə təhsil müəssisələrində universitet məzunu olan şəxslər də var. Mərkəzimizdə hazırda 20-45 yaş aralığında olan insanlar təhsil alırlar. Həyat boyunca peşə təhsilini öyrənmək olar. Orta məktəbi bitirən hər bir şəxs bizə müraciət edə bilər. Bu istiqamətdə kurslar açmağı da düşünürük. Çalışırıq ki, peşə təhsilini geniş şəkildə təbliğ edək. Cəmiyyətimiz peşə təhsilin məqsədini dərk etməlidir. Mərkəzimizdə 18-dən çox peşə təhsil kursları fəaliyyət göstərir. Avtomatika ixtisası üzrə artıq kurslarımıza start verilib. Bu qrupda təhsil alanların hamısı işlə təmin olunan şəxslərdir. Onlar imiclərini yüksəltmək, bacarıqlarını artırmaq üçün bizim mərkəzimizə müraciət ediblər. Onlar 3 ay müddətində məntiqi idarəetmə mövzusunda təlimdən keçəcəklər. Təhsil alanların qruplarına nəzər yetirsək burada fərqli yaş kateqoriyasını müşahidə etmək və ali təhsilli şəxsləri də görmək mümkündür. Magirstraturanı bitirənlər belə kurslarımıza müraciət edirlər. Tədris prosesimiz o formada qurulub ki, biz peşəni ali təhsildən müqayisə etmirik. Peşə təhsili hamı üçün böyük şansdır. Bu imkandan hər kəs yararlanmalıdır".