Azedu.az

Bağçalarda sevgi yoxdursa, heç bir sistem uşağı qoruya bilməz

Bağçalar

31 Oktyabr 2025, 12:30
Bağçalarda sevgi yoxdursa, heç bir sistem uşağı qoruya bilməz

Uşaqlara qarşı zorakılıqla bağlı xəbərləri eşitmək artıq insanın içini sızladır. Tovuzdakı bağçada baş verən hadisə də onlardan biridir - iki il öncə yaşanıb, amma indi üzə çıxır. Təəssüf ki, bu, tək bir hadisə deyil. Bənzər görüntülər zaman-zaman fərqli bölgələrdən gəlir, və çox vaxt bu zorakılıqların arxasında dayələr və baxıcılar dayanır. Amma məsələ təkcə onların kimliyi və hansı meyarla işə götürülməsində deyil. Əsas məsələ onların içində uşaq sevgisinin olub-olmamasıdır.

Bu fikirləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova AzEdu.az-a uşaqlara qarşı zorakılığın səbəbləri, fərdi və sistemli problemlərin rolu, həmçinin dünya təcrübəsindən götürülə biləcək nümunələrdən danışarkən bildirib.

"Çünki uşaq sevgisi yoxdursa, heç bir diplom, təlim və ya sistem işə yaramaz. Axı insan necə ola bilər ki, ona əmanət edilmiş bir uşağa öz malıymış kimi davranır? Hələ bir də bu davranışı "tərbiyə" kimi əsaslandırmağa çalışır. Uşaq qorxudan tərbiyə almır, sadəcə travma qazanır. Bu insanlar çox vaxt öz daxilində yığılıb qalmış gərginliyi, psixoloji boşluqları uşaqlardan çıxır. Deməli, problem təkcə pis niyyətli fərdlərdə deyil, həm də emosional yetkinliksiz insanların uşaqlarla işləməsinə şərait yaradan sistemdədir.

Burada ikinci bir məsələ də nəzarət və məsuliyyət mexanizmlərinin zəifliyidir. Bəzi bağçalarda kamera var, amma ya işləmir, ya da ona heç kim baxmır. Valideynlərlə əlaqə çox formal səviyyədə qurulur. Uşaqlarla işləyən personalın psixoloji vəziyyəti, stresslə mübarizə bacarığı, uşaqla davranış mədəniyyəti isə heç kim tərəfindən izlənilmir. Halbuki, bu işin əsası elə insan amilinin sağlamlığıdır.

Dünya təcrübəsinə baxanda görürük ki, bu iş başqa cür tənzimlənir. Məsələn, Finlandiya və Norveçdə uşaq baxıcısı olmaq istəyən hər kəs yalnız tibbi yoxlama yox, həm də emosional sabitlik testlərindən keçir. Yaponiyada isə bağçalarda yeni işçilər altı ay müddətinə təcrübəli mentorun nəzarətində olur, yəni tək buraxılmır. ABŞ və İngiltərədə bəzi bağçalarda valideynlər üçün “canlı izləmə sistemi” var. Uşaq otaqlarında kameralar onlayn izlənilə bilir. Bu, təkcə nəzarət deyil, həm də valideynin inamını qorumaq üsuludur.

Belə sistemlərdə məqsəd kimisə “tutmaq” yox, uşağın təhlükəsizliyini təmin etməkdir. Valideyn bilir ki, övladı sevgi və diqqət içindədir, işçi isə anlayır ki, məsuliyyət daşıyır.

Azərbaycanda da bu istiqamətdə çox şey etmək olar. Əvvəla, bağçalara işə qəbul zamanı psixoloji testlər və etik davranış təlimləri məcburi olmalıdır. Hər işçi uşaqla işləmək üçün “sertifikatlı şəxs” kimi tanınmalıdır. İkincisi, kamera sistemləri formal deyil, real nəzarət vasitəsinə çevrilməlidir. Valideyn komitələri, ictimai nəzarət, və ən əsası, mütəmadi psixoloji dəstək və təlimlər mütləq tətbiq edilməlidir.

Çünki bağça sadəcə uşağın oynadığı yer deyil, onun həyatla ilk tanışlığıdır. Orada gördüyü hər şey gələcəkdə insana, sevgiyə, dünyaya münasibətini formalaşdırır. Əgər o ilk mühitdə qorxu, qışqırıq və zorakılıq görürsə, biz onun dünyasına zərbə vurmuş oluruq.

Uşağa qarşı zorakılıq təkcə hüquqi məsələ deyil, vicdan məsələsidir. Bütün sistemlərdə nəzarət ola bilər, amma uşağa baxan insanın ürəyində sevgi yoxdursa, heç bir mexanizm onu əvəz edə bilməz.

Uşaq sevgisi öyrədilmir, amma düzgün seçim və davamlı nəzarət o sevgisizlərin bu sahəyə girməsinə imkan verməməlidir. Çünki uşaq gələcəyin deyil, vicdanın aynasıdır".

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox