 
                                Baxçaların ümumi adlandırılmasına və tarixi sıralanmasına nəzər salsaq, görərik ki, müəyyən dövrlərdə “Məktəbəqədər Tərbiyə Müəssisəsi”, bəzi dövrlərdə isə “Məktəbəqədər Təlim-Tərbiyə Müəssisəsi” kimi müxtəlif adlarla rəsmi sənədlərdə qeyd olunub. Son illərin sənədlərində isə bu müəssisələr “Məktəbəqədər Təhsil Müəssisəsi” adlanır.
Bu fikirləri məktəbəqədər ekspert Xalidə Musayeva AzEdu.az-a bağçaların bir qədər azalan reputasiyasından danışarkən deyib.
"Əlbəttə, təhsilin bu pilləsində əsas məqsəd uşağın hərtərəfli inkişafıdır - tərbiyəsi, təhsili, təhlükəsizliyi, fiziki inkişafı və s. yəni, bütün bu proseslər bir yerdə təmin olunur. Bu baxımdan valideynlərin maarifləndirilməsi mühüm rol oynayır.
Son illərdə müşahidə olunur ki, valideynlər uşaqları daha kiçik yaşlardan təhsilə cəlb etməyə başlayıblar. Bu, təbii və normal hal olsa da, bəzi hallarda idarəolunmaz və hazırlıqsız şəkildə baş verir. Yəni valideynlər, bəzən məlumatsız şəkildə uşaqları çox erkən yaşlardan müxtəlif kurslara, tədris və inkişaf mərkəzlərinə aparır, onları yükləyirlər.
Bu isə onu göstərir ki, artıq valideynlər anlayırlar: məktəbəqədər dövrdə təkcə tərbiyə deyil, təhsil də vacib amildir. Ona görə də uşaqlarının inkişafına daha çox önəm verməyə başlayıblar.
Təəssüf ki, bir çox hallarda uşağın yaş xüsusiyyətlərinə uyğun olmayan proqramlarla fəaliyyət göstərən kursların və ya tədris mərkəzlərinin təsiri altına düşürlər. Nəticədə uşaqlar qeyri-ciddi proqramlara cəlb olunur və bu da onların gələcək inkişafına mənfi təsir göstərir.
Bu məsələyə psixoloji, fizioloji, tibbi və pedaqoji baxımdan yanaşsaq, aydın görünür ki, bu cür yanaşma düzgün deyil. Halbuki məktəbəqədər təhsil müəssisələri uşağın tərbiyəsini, təhsilini, gigiyenasını, fiziki inkişafını kompleks şəkildə təmin edən yeganə müəssisələrdir.
Uşağın gündəlik fəaliyyəti, gün rejimi, düzgün fiziki və zehni inkişafı məhz bu müəssisələrdə formalaşır. Uşağın həyatının ən vacib mərhələsində, yəni neyron sisteminin sürətlə formalaşdığı dövrdə düzgün və sistemli təhsil prosesi aparıldıqda, inkişaf da sağlam olur.
Biz isə bəzən əlimizdə olan bu mühüm mexanizmi - məktəbəqədər təhsili - zəiflətməyə çalışırıq. Halbuki valideynlərə düzgün izah olunsa ki, məktəbəqədər təhsil müəssisəsi sadəcə “saxlanc yeri” deyil, uşağın təlim-tərbiyəsini, gün rejimini və inkişafını təmin edən mühüm bir sistemdir, onlar da bu prosesə daha məsuliyyətlə yanaşarlar.
Məsələn,“uşağım xəstələndi, aylarla aparmıram” kimi yanaşmalar qeyri-ciddidir və bu, uşağın təhsil prosesinin ardıcıllığını, adaptasiyasını, inkişaf tempini geri salır.
Ona görə hesab edirəm ki, həm valideynlərin maarifləndirilməsi, həm də məktəbəqədər təhsil müəssisələrinin nüfuzunun (reputasiyasının) bərpası bu gün ən vacib məsələlərdəndir. Cəmiyyət bu müəssisələrin dəyərini yenidən anlamalı, onları uşağın gələcək inkişafında əsas bünövrə kimi qəbul etməlidir.
Yalnız bu halda valideynlər uşaqlarını “saxlanc mərkəzinə” deyil, təhsil müəssisəsinə etibar etdiklərini dərk edəcək və bu sahəyə daha düzgün münasibət formalaşacaq".