Oktyabrın 25-də ilk dəfə olaraq dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan rəhbər heyətin diaqnostik qiymətləndirilməsi həyata keçirilib
Belə ki, imtahanda iştirak edənlərdən biri də Lənkəran şəhər 9 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Ülkər Nuriyevadır.
AzEdu.az Ülkər xanımla əlaqə saxlayaraq, imtahanla bağlı təəssüratlarını öyrənib.
Ülkər Nuriyeva qeyd edib ki, imtahandan 44 bal toplayıb:
“1997-ci ildə Lənkəran Dövlət Universitetinin (LDU) pedaqogika və psixologiya müəllimliyi, məktəbəqədər tərbiyənin təşkilatçı metodist ixtisasına yiyələnmişəm. 5 illik təhsil sistemi üzrə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Ali məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Universitetində çalışmışam. 2008-ci ildən Lənkəranda müxtəlif vaxtlarda bağça müdiri vəzifəsində çalışmışam. Hazırda Lənkəran şəhər 9 nömrəli körpələr evi-uşaq bağçasının müdiriyəm. Ailəliyəm, iki övladım var. 17 illik təcrübəm var.
Ümumilikdə diaqnostik imtahanla bağlı xoş təəssüratlarım var. Belə ki, bu imtahan bizə öz üzərimizdə işləmək, yenidən təkmilləşmək və məsuliyyətimizi artırmaq baxımından çox mühüm rol oynadı. İmtahan tam şəffaf qaydada həyata keçirildi.
Bəzən həmkarlarımızdan eşidirik ki, suallar çox uzun idi. Lakin düşünürəm ki, hər səviyyəyə uyğun suallar tərtib edilmişdi. İmtahandan 44 bal toplamışam və hesab edirəm ki, bu prosesin həyata keçirilməsi olduqca yaxşı addımdır.
Fikrimcə, suallar praktik xarakter daşıyırdı, yəni gündəlik təcrübəmizdən qaynaqlanırdı. İşləyən bir rəhbərin cavab verə biləcəyi suallar idi. Məsələn, məktəbəqədər təhsil alan uşaqların adaptasiyası ilə bağlı sadə, lakin vacib suallar da yer almışdı.
Diaqnostik imtahanın təşkili çox gözəl təşəbbüsdür. Yenidən keçirilsə, sevə-sevə iştirak edərəm.
Bu imtahan, bir növ, bizim biliklərimizin də “vərəqlənməsinə” səbəb olur. Düşünürəm ki, növbəti mərhələlərdə daha diqqətli olmalıyıq. Sualların qoyuluşuna diqqət yetirmək vacibdir, çünki bəzən tələsik oxumaq səhv cavabı nişanlamağa səbəb olur.
Əsas məsələ vaxtı düzgün bölüşdürməkdir. Daha çox diqqət və səliqə ilə yanaşmaq daha yüksək nəticə əldə etməyə gətirib çıxarar".