İlk dəfə keçirilən dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) çalışan rəhbər heyətin diaqnostik qiymətləndirilməsi oktyabr ayının 25-də baş tutub.
İmtahanda iştirak edənlərdən biri də Zəngilan rayonu Şəfəq körpələr evi-uşaq bağçasının müdiri Mənsurə Baxışovadır.
AzEdu.az onunla əlaqə saxlayıb.
“1969-cu ildə Zəngilanda anadan olmuşam. 1991-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və Biblioqrafiya ixtisasını, daha sonra isə Azərbaycan Müəllimləri İnstitutunda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirmişəm. 1992-ci ildən pedaqoji fəaliyyət göstərirəm. 2004-2013-cü illərdə Sumqayıt şəhəri 11 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışmışam. 2013-cü ildən Zəngilan rayonunda yerləşən Şəfəq uşaq bağçasında direktor kimi fəaliyyət göstərirəm. Bağçamız 12 qrupdan ibarətdir, artıq 13 ildir fəaliyyət göstərir.
Düzü, bu imtahana qədər bir qədər tərəddüd edirdim. Çünki imtahan insanda həyəcan yaradır, müəyyən qorxu olur. Amma imtahandan sonra anladım ki, bu proses doğrudan da lazımdır. Bilik və bacarıqların qiymətləndirilməsi gələcək fəaliyyətimiz üçün stimul verir.
İmtahan sualları daha çox pedaqoji yanaşma üzərində qurulmuşdu. Biz, direktorlar, əsasən idarəetmə üzrə hazırlaşmışdıq, amma sualların əksəriyyəti uşaqlarla işlə bağlı situativ tapşırıqlar idi.
Məntiqimə əsaslanıb imtahanda 39 bal topladım. Həyəcan və tərəddüd olmasaydı, indiyədək təlimlərdə iştirak etmiş olsa idim daha yüksək nəticə göstərərdim. Buna baxmayaraq, bu imtahan mənim üçün böyük motivasiyaya çevrildi.
Çünki uşaqlar bizim gələcəyimizdir. Onların fiziki, mənəvi və intellektual inkişafında müəllimlərin rolu çox böyükdür. Təəssüf ki, bəzi valideynlər bağçaya yalnız uşağın yemək-içmək, baxım yeri kimi yanaşırlar. Halbuki təhsil və tərbiyə məhz bağçadan başlayır. Bizim işimiz gələcəyin insanını formalaşdırmaqdır.
İmtahandan sonra kollektivimə də dedim: “Biz müəllimik. Bu ixtisası dərindən mənimsəməliyik, inkişaf etməliyik.” Çünki biz körpələrlə işləyirik və onların sağlam təməl alması bizim məsuliyyətimizdir”.