Yaponiyanın Tohoku Universitetində aparılan genişmiqyaslı elmi araşdırma göstərib ki, uşaqların erkən yaşlarda yəni 6 aydan 3 yaşa qədər kollektiv qayğı mühitinə cəlb olunması onların ümumi inkişafına müsbət təsir göstərir.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata əsasən, araşdırmada təxminən 40 min ana–uşaq cütlüyü iştirak edib. Alimlər uşaqların inkişaf göstəricilərini “Ages and Stages Questionnaires (ASQ-3)” adlı beynəlxalq qiymətləndirmə vasitəsilə təhlil ediblər. Qiymətləndirmə uşaqların ünsiyyət, motor bacarıqları, problem həlli və şəxsi-sosial inkişaf kimi sahələrini əhatə edib.Nəticələr göstərib ki, erkən yaş dövründə bağça mühitinə qatılan uşaqlar bu sahələrin demək olar ki, hamısında valideyn himayəsində, evdə böyüyən uşaqlardan daha yüksək nəticələr göstəriblər.
Alimlərin fikrincə, kollektiv qayğı mühiti uşaqlarda sosial bacarıqları, dil inkişafını və emosional tənzimləmə qabiliyyətini gücləndirir. Bağçada həmyaşıdlarla ünsiyyət, müxtəlif oyun və fəaliyyətlər uşağın özünüifadə, əməkdaşlıq və müstəqillik vərdişlərini artırır.Tədqiqatçılardan biri, professor Yumiko Saito bildirib ki, “bağça təkcə uşaq üçün baxım məkanı deyil, həm də onun sosial, intellektual və emosional inkişafını dəstəkləyən mühüm mühitdir.”Araşdırmada həmçinin qeyd olunur ki, erkən yaşda bağçaya gedən uşaqlarda nitq gecikməsi, sosial adaptasiya çətinliyi və emosional təcrid hallarının daha az müşahidə olunduğu müəyyən edilib.
Mütəxəssislər vurğulayır ki, valideynlər uşaqlarını bağçaya cəlb edərkən müəssisənin pedaqoji mühitinə, tərbiyəçi-müəllimlərin keyfiyyətinə və uşaqlara fərdi yanaşma səviyyəsinə diqqət etməlidirlər.Bu tədqiqat məktəbəqədər təhsilin uşağın gələcək həyatında oynadığı mühüm rolu bir daha təsdiqləyir. Alimlər hesab edirlər ki, müasir təhsil sistemləri erkən yaşlı uşaqlar üçün keyfiyyətli və əlçatan bağça infrastrukturunun yaradılmasına üstünlük verməlidir.