Uşaq inkişafı və erkən təhsil mövzusu valideynlər və pedaqoqlar üçün hər zaman aktualdır. Bu baxımdan, bağça uşaqların sosial, emosional və intellektual bacarıqlarının formalaşmasında vacib rol oynayır.
Bəs bağçaya gedən və getməyən uşaqlar arasında hansı fərqlər mövcuddur?
Məsələ ilə bağlı məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva AzEdu.az-a açıqlama verib.
Bağça uşaqlara nə verir?
"Bağçaya gedən və getməyən uşaqlar arasındakı fərq gözə çarpacaq dərəcədə olur. Burada əsas məqam uşağın inkişafını profesional yanaşma ilə izləməkdir. İnsan inkişafı əsasən üç amildən asılıdır: genetik, mühit və təhsil-tərbiyə prosesi. Mühit, uşağın təhsil və tərbiyə prosesinə qədər formalaşır və evdə tam şəkildə təmin edilə bilmir.
Buna görə də, uşağın inkişafı bağça və ya digər peşəkar inkişaf mərkəzlərində daha düzgün və sürətli gedir. Birincisi, bağçada rejim və saatlı fəaliyyət düzgün qurulur; hər fəaliyyət müəyyən vərdiş yaradır və uşağın inkişafını sistemli şəkildə dəstəkləyir. Bu, adaptasiya prosesini də asanlaşdırır, immunitetin möhləm formalaşmasına kömək edir və uşağın fiziki sağlamlığını gücləndirir. Körpə yaşında uşaq müxtəlif bakterial təsirlərə məruz qalmalıdır; əks halda immuniteti zəifləyir və xəstəliklərə qarşı davamlılığı azalır.
Bağça uşağı həm də sosial və emosional sahədə hazırlayır. Uşaq müxtəlif fəaliyyətlərə və insanlarla ünsiyyətə daha tez adaptasiya olur, məktəb yaşına çatanda emosional və sosial bacarıqları daha inkişaf etmiş olur. Motorik bacarıqlar, kiçik motorika və həyat bacarıqları yalnız bağça mühitində düzgün formalaşır; məktəb yaşında bunlar gecikirsə, yazı yazmaq və digər fəaliyyətlərdə çətinliklər yaranır.
Bağçada uşaq həm də idrak, nitq, riyazi və məntiqi bacarıqlarını, estetik və yaradıcı qabiliyyətlərini daha sürətli inkişaf etdirir. Bu strukturlaşmış və ardıcıl təhsil uşağın məktəbə uyğunlaşmasını, düzgün sosial davranışını və həyati bacarıqlarını formalaşdırır".