“Uşaq bağçada da televizora baxacaqsa, ora niyə gedir?”,- son zamanlar bu sual cəmiyyət arasında aktual müzakirə mövzusuna çevrilib. Bu vəziyyətdən bir çox valideynlər narazılıq edirlər.
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli münasibət bildirib.
Ekspertin sözlərinə görə, bu problemin qarşısını almağın yeganə yolu bağçalarda yenilənmiş heyətin formalaşdırılmasıdır:
“Məktəbəqədər təhsil müəssisələri uzun müddət icra hakimiyyətlərinin tabeliyində olub. Artıq bir neçə ildir ki, bu sahənin bütün strukturu, idarəetməsi və proqramların təsdiqi Elm və Təhsil Nazirliyinin tabeliyinə keçib. Lakin təəssüf ki, bəzi bağça müdirləri hələ də idarəçiliyi ənənəvi qaydada həyata keçirirlər.
Əvvəllər də bağçaların tədris planlarını Elm və Təhsil Nazirliyi təsdiq edirdi, sadəcə, idarəetmə icra hakimiyyətlərinin səlahiyyətində idi. İndi isə bağçalarda həm qidalanma, həm də tədris prosesi ilə bağlı xüsusi və yenilənmiş proqramlar hazırlanıb. Amma bu proqramlara əməl etməyən bağçalar hələ də mövcuddur.
Bu vəziyyət o vaxta qədər davam edəcək ki, bağçalarda da ümumtəhsil məktəblərində olduğu kimi sertifikasiya prosesi tətbiq olunsun, direktorların və tərbiyəçilərin işə qəbulu standartlaşdırılmış və vahid sistem üzrə həyata keçirilsin. O halda biz bu tip köhnə idarəetmə üsulundan və ənənəvi yanaşmadan xilas ola biləcəyik.
Əlbəttə, qeyd etdiyim hallar kütləvi xarakter daşımır, amma təəssüf ki, hələ də mövcuddur. Bunun qarşısını almağın yeganə yolu yenilənmiş heyət formalaşdırmaqdır. Elm və Təhsil Nazirliyinin təsdiqlədiyi proqramlara uyğun olaraq işə qəbuldan keçmiş müəllim və idarəçilərə etibar etdikdən sonra bu problemlərdən tamamilə qurtula biləcəyik".