Oktyabrın 1-dən Naxçıvanda icma əsaslı məktəbəqədər qruplarında məşğələlərə başlanılıb.
Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan şəhər, Şərur, Ordubad, Culfa, Kəngərli və Şahbuz rayonlarında 25 icma əsaslı məktəbəqədər qrup fəaliyyətə başlayıb ki, həmin qruplara 500-dən artıq uşağın cəlbi nəzərdə tutulur. İcma əsaslı məktəbəqədər qruplar əsasən ucqar dağ kəndlərində yaradılıb, buda həmin yaşayış məntəqələrində uşaqların keyfiyyətli təhsilə cəlbində mühüm rol oynayacaq. Elm və Təhsil Nazirliyin layihəsi olan icma əsaslı məktəbəqədər qrupların yaradılmasında məqsəd uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, valideynlərin, yerli icmanın və təhsil müəssisələrinin əməkdaşlığını gücləndirməkdən ibarətdir.
Layihənin həyata keçirlməsində əsas məqsədlərdən biridə ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması, məktəbəqədər təhsilin inkişafı və təhsildə valideynin birgə iştirakını təmin etməklə xüsusilə ucqar və ya əlverişsiz dağ kəndlərində keyfiyyətli təhsil xidmətlərinin həyata keçirilməsi, valideyn-icma-məktəb əməkdaşlığının yaradılması, bu qruplar vasitəsilə 3-4 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, məktəbəqədər təhsilin inkişafı nəticəsində bilavasitə ibtidai təhsilin də keyfiyyətinin yüksəldilməsindən ibarətdir.