Uşağın gələcək inkişafı və uğurlarının təməli erkən yaş dövründə qoyulur. Bu baxımdan məktəbəqədər təhsil xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda uşaqlar artıq 1 yaşından etibarən məktəbəqədər təhsil müəssisələrinə cəlb oluna bilirlər. Lakin mövcud statistika göstərir ki, 1-5 yaş arası uşaqların bağçalara cəlb olunma səviyyəsi kifayət qədər aşağıdır.
Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva bildirib ki, ölkə bir çox tədbirlər həyata keçirir ki, ümumi olaraq problemlər aradan qalxsın:
“Sadəcə olaraq təhsil müəssisələrinin tikilməsi və qurulması çox vəsait tələb edən sahədir. Ona görə də dövlət bununla bağlı alternativ versiyalardan istifadə edir.
Bir neçə il əvvəl məktəbəqədər yaş dövrünə cəlb olunan uşaqların sayı 16%-i əhatə edirdisə, hazırda bu rəqəm 30%-ə qədər yüksəlib. Sözsüz ki, ölkə bu göstəricini 100%-ə qaldırmaq niyyətindədir. Çünki uşaqların erkən yaş dövründə təhsilə cəlbi onların inkişafında ən vacib dövr hesab olunur. Bu dövrdə uşaq insanın ömrü boyu qazandığı bacarıqların 70%-dən çoxunu əldə edir. Məsələ nə qədər düzgün və peşəkarlar tərəfindən aparılsa, o qədər yüksək nəticə əldə olunar”.
Ailə tipli məktəbəqədər müəssisələrinin açılmasının daha faydalıdır:
“Son dövrlərdə məktəbəqədər təhsil müəssisələrindən əlavə icma əsaslı təhsil qrupları açılmağa başlayıb. Bu da öz növbəsində xeyli uşağın təhsil almasına səbəb olur, eyni zamanda uşaqların müəyyən bacarıqları əldə edib məktəbə hazırlanmalarına dəstək olur. Əslində, bu çox gözəl layihədir. Çünki minimal xərclə uşaqların erkən inkişafı təmin edilir. Bir çox beynəlxalq təşkilatların Azərbaycanda apardığı tədqiqatlar var ki, bunun nə qədər keyfiyyətli layihə olduğunu müəyyən ediblər”.
Məktəbəqədər təhsil müəssisələri uşaqlara təkcə bilik deyil, müəyyən bacarıqları da ötürməyi bacarmalıdır:
“Erkən yaşda təhsil çox vacib və faydalı prosesdir. Uşaqların bağçaya getməsi məktəbə adaptasiya prosesini tezləşdirir. Yəni məktəbə gedənə qədər uşaqların bağçada aldığı bilik və bacarıqlar məktəbdə dərsi daha sürətli qavramasına gətirib çıxarır. Hesab edirəm ki, məktəbəqədər təhsil müəssisələri uşaqlarda biliklə yanaşı, bacarıqlarının formalaşması üçün müəyyən tədbirlər görməlidir”, - deyə fikrini yekunlaşdırıb.