Son illərdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yenidən qurulması və yeni bağçaların tikintisi istiqamətində mühüm addımlar atılıb. Regionlarda fəaliyyət göstərən bağçaların əksəriyyəti əsaslı təmir olunub, uşaqların təlim-tərbiyəsi və sosial inkişafı üçün müasir standartlara uyğun şərait yaradılıb.
Belə ki, təhsilin erkən mərhələsində uşaqların inkişafına önəm verən dövlət proqramları çərçivəsində məktəbəqədər təhsil sisteminin əhatəliliyinin artırılması da prioritet istiqamətlərdən biridir.
Hazırda regionlarda neçə bağça fəaliyyət göstərir?
Mövzu ilə bağlı AzEdu.az Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, ümumilikdə 51 bağça fəaliyyət göstərir:
"Belə ki, Salyan rayonu üzrə 15, Şirvan şəhəri üzrə 7, Biləsuvar rayonu üzrə 11, Neftçala rayonu üzrə 15 və Hacıqabul rayonu üzrə 3 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Həmçinin onu da qeyd edək ki, yeni açılması gözlənilən məktəbəqədər təhsil müəssisəsi mövcud deyil",- deyə idarədən məlumat verilib.